Avqustun 26-na keçən gecə Ukrayna dronlarının Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində yerləşən “Wildberries” logistika mərkəzinə zərbə endirdiyi bildirilir.
Hücum faktını Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov təsdiqləyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri və “BARS-Tambov” mobil atəş qrupları 16 dronu məhv edib.
Qubernator bildirib ki, dronların zərbəsi nəticəsində “Wildberries”in logistika mərkəzində yanğın baş verib. Alovun təxminən 40 min kvadratmetr ərazini əhatə etdiyi qeyd olunur.
Pervışovun sözlərinə görə, hadisə zamanı anbar əməkdaşlarından biri xəsarət alıb. Bundan başqa, dronun düşməsi nəticəsində bölgədə fərdi yaşayış evlərindən birində də yanğın baş verib.
Ukraynanın “Exilenova+” monitorinq kanalı isə yerli sakinlər tərəfindən çəkildiyi iddia olunan və logistika mərkəzində baş verən güclü yanğını əks etdirən görüntülər yayıb.