Advertisment

Əfqanıstan ABŞ-a mineral ehtiyatlarına çıxış təklif edib

Əfqanıstan ABŞ-la münasibətləri normallaşdırmaq, sanksiyaların aradan qaldırılmasına və dondurulmuş aktivlərin açılmasına nail olmaq üçün Vaşinqtona ölkənin zəngin mineral ehtiyatlarına çıxış təklif edib.

“Financial Times”ın Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqiyə istinadən yaydığı məlumata görə, Kabil ABŞ investisiyalarını mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrində görməyə hazırdır.

Müttəqi bildirib ki, Əfqanıstanla ABŞ arasındakı münasibətlər son 20 ilin müharibə təcrübəsi üzərində deyil, gələcək əməkdaşlıq perspektivləri əsasında qurulmalıdır.

Onun sözlərinə görə, ölkə açıq iqtisadi siyasət yürüdür və xarici investisiyalara maraq göstərir.

“Financial Times” qeyd edir ki, geoloji araşdırmalara əsasən, Əfqanıstanın mineral ehtiyatlarının ümumi dəyəri təxminən 1 trilyon dollar qiymətləndirilir. Ölkədə mis, dəmir filizi, niobium, kobalt, qızıl və litium da daxil olmaqla zəngin faydalı qazıntı yataqları mövcuddur.

Müttəqi ABŞ-a mineral hasilatı sahəsində investisiya təklifinin birbaşa Ağ Evə təqdim edilib-edilmədiyini isə açıqlamayıb.