Advertisment

Hərbi komissarlıqlara çağırışçılar haqqında tam məlumat veriləcək

Dövlət qurumları və özəl şirkətlər hərbi komissarlıqların tələbi ilə çağırışçılar və onların ailə üzvləri haqqında demək olar ki, bütün məlumatları açıqlamalı olacaqlar.

Herbiand.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu cür məlumatların siyahısını 25 avqustda hazırlayıb.

İyulun sonlarında qəbul edilmiş federal qanun mülkiyyət formasından asılı olmayaraq təşkilatları hərbi idarənin tələbi ilə məlumat verməyə məcbur edir. Bu məlumat müəyyən vəzifələrdə müqaviləli xidmət üçün müraciət edən hərbi qulluqçuların və vətəndaşların yararlılığını müəyyən etmək üçün lazımdır.

Müdafiə Nazirliyi tərəfindən hazırlanan layihə əmri demək olar ki, bütün şəxsi qeydlərin açıqlanmasını tələb edir. Xüsusilə, bura gəlir (vergi bəyannamələri), bank hesabları və əmanətləri, kredit müqavilələri (kreditor məlumatları daxil olmaqla), borclar, gecikmələr, iflas sənədləri və digər məlumatlar daxildir. Hərbi komissarlıqlar məşğulluq və biznes fəaliyyəti, siyasi və ictimai birliklərdə iştirak, yol qəzaları, nikah qeydiyyatı və boşanma, xarici pasport məlumatları və daha çox şey barədə məlumat tələb etmək hüququna malik olacaqlar.

Səhiyyə müəssisələri psixiatrik və davranış pozğunluqları, narkomaniya, alkoqolizm və maddə asılılığı, vərəm, HİV və virus hepatiti haqqında məlumatları açıqlamalı olacaqlar. İnzibati xətalar və cinayətlər haqqında (cinayət işinin başlanmasından və axtarışda olan şəxsin yerləşdirilməsindən tutmuş hökmünə və cinayət qeydinə qədər) ayrıca məlumat bölməsi mövcud olacaq.

Əmr həmçinin, bütün bu məlumatların yalnız çağırışçı ilə deyil, həm də onun yaxın ailə üzvləri ilə: həyat yoldaşı, uşaqları, bacı-qardaşları, valideynləri və hətta qayın və baldızları ilə bağlı əldə edilməsini nəzərdə tutur.

Bəxtiyar CƏFƏRLİ