Ətraf mühitin qorunması, su çatışmazlığı və ekoloji problemlərə diqqətin artırılması məqsədilə Rusiyada “Baykal günü” yeni bayram təsis edilir.
Bəs Azərbaycanda da ekoloji problemlərə diqqəti artırmaq və ictimai maarifləndirməni gücləndirmək məqsədilə bu cür xüsusi günlərin təsis edilməsinə ehtiyac varmı?
“Sağlam həyata doğru” Ekoloji ictimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov hesab edir ki, bu cür təşəbbüslər faydalıdır. Herbiand.az-a açıqlamasında ekoloq deyib:

“Baykal gölünün mühafizəsi ilə bağlı qərar 1999-cu ildə qəbul olunub. Hər sentyabrın birinci bazar günündə və sonuncu bazar günündə “Baykal gölü günü” keçirilir. Baykal dünyada en unikal göllərdən biridir. Həm təmiz su, şirin su ehtiyatlarına malik oldğu üçün, həm dərinliyinə görə unikal bir göl olduğundan onun qorunması vacib bir amil kimi gündəliyə gətirilib. Hər il orada ekoloji tədqiqatlar aparılır, mühafizəsi ilə bağlı tədbirlər görülür. 1999-cu ildən keçən bu 26-27 il ərzində bu cür mühafizə tədbirlərinin keçirilməsi Baykal gölünün suyunun təmizlənməsinə, onun bioresurslarının qorunmasına əhəmiyyətli təsir edib. Yəni bu cür tədbirlərin keçirilməsi çox faydalıdır. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi yaxşı olardı”.
Ekoloqun sözlərinə görə, bu gün Kür çayından daha çox Xəzər dənizi çirklənib: “Ölkəmizdə “Xəzər günü” keçirilir. Xəzərlə bağlı 5 ölkə tərəfindən imzalanmış beynəlxalq konvensiya var. Sənədə görə, Xəzərin çirklənməsinin qarşısı alınalıdır. Lakin təəssüflə qeyd etməliyik ki, Xəzərlə bağlı tədbirlər effekt vermir, çünki çirklənmə həddindən artıq yüksəkdir. Baykal gölündən dəfələrlə böyük olan Xəzər dənizi bioresurslarına görə çox zəngindir. Son illər Kür çayında bu bioresursların azalması baş verib. Kütləvi balıq tutmaları, həddindən çox torların qurulması, üzərində çoxlu su anbarlarının tikilməsi, SES-lərin n qurulması Kür çayının həm bioresurslarına, həm də çayın suyuna əhəmiyyətli dərəcədə təsir edib. Bir zamanlar Kür çayında gəmilər hərəkət edirdi. Bu gəmilərin hərəkəti Kür çayının dərinliyini qoruyurdu, onun çirklənməsinin və dayazlaşmasının qarşısını alırdı. Təəssüf ki, indi o gəmilər işləmir. Kür üzərində həddindən çox su elektrik stansiyası, körpülər tikilib, ona görə də gəmilərin hərəkəti mümkün deyil”.
Eloloq bildirib ki, Azərbaycanda da ekoloji problemlərə diqqəti artıran xüsusi günlərin təsis edilməsinə ehtiyac var.
“Bu cür günlərin, ekoloji bayramların təsis edilməsi su ehtiyatlarının qorunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı ictimai maarifləndirməni gücləndirə bilər. Həmin günlərdə məktəblərdə, ali təhsil müəssisələrində, regionlarda və ictimai məkanlarda ekoloji aksiyalar, ağacəkmə, təmizlik və maarifləndirici tədbirlər keçirilməlidir. Xüsusilə su qıtlığı, plastik tullantılar, meşələrin və biomüxtəlifliyin qorunması kimi məsələlərə ayrıca diqqət yetirilməsi vacibdir”.
Məhəmməd Əliyev
Hebriand.az