Advertisment

BSU beynəlxalq reytinqdə 404 pillə irəliləyib

Bakı Slavyan Universiteti (BSU) davamlı inkişaf və ekoloji məsuliyyət sahəsində fəaliyyətinin nəticəsi olaraq “UI GreenMetric World University Rankings 2026” beynəlxalq reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Universitetdən Herbiand.az-a bildirilib ki, dünya universitetləri arasında BSU 527-ci pillədə qərarlaşıb. Universitet ötənilki reytinqdə tutduğu 931-ci mövqedən 404 pillə yüksəlib.

BSU Azərbaycan universitetləri arasında isə 7-ci pillədə yer alıb. Bu göstərici universitetin ötənilki 10-cu mövqeyi ilə müqayisədə 3 pillə irəlilədiyini göstərir.

“UI GreenMetric World University Rankings” dünya universitetlərini davamlılıq və ekoloji yanaşmalar, o cümlədən infrastruktur, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su ehtiyatları, nəqliyyat və təhsil istiqamətləri üzrə qiymətləndirir.

2010-cu ildə 35 ölkədən 95 universitetin iştirakı ilə fəaliyyətə başlayan “UI GreenMetric” 2026-cı ildə 110 ölkədən 2016 universiteti əhatə edib.

BSU-nun reytinqdə əldə etdiyi nəticə universitetin davamlı inkişaf və yaşıl universitet prinsiplərinə əsaslanan fəaliyyətinin beynəlxalq göstəricilərindən biridir.