Sentyabrın 25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Anım Gününə həsr edilmiş dəyirmi masa keçirilib.
Herbiand.az xəbər verir ki, ilk olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canları fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiram yad olunub.
Daha sonra Agentliyin ərsəyə gətirdiyi "Şəhidə məktub" videoçarxı təqdim edilib.
QHT Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı, Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva Vətən müharibəsindəki tarixi Qələbənin Azərbaycan dövlətinin və xalqının sarsılmaz iradəsinin təntənəsi olduğunu qeyd ediblər.
Müzakirələrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müharibənin qalibi, sülhün müəllifi olduğu xüsusi vurğulanıb.
Şəhid ailələri, müharibə veteranları ilə sıx iş aparan QHT-lər 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini, təəssüratlarını bölüşüb, təkliflərini səsləndiblər.