Rusiya Mərkəzi Seçki Komissiyası 18-20 sentyabr tarixlərində keçirilən doqquzuncu çağırış Dövlət Dumasına seçkilərin nəticələrini açıqlayıb.
Herbiand.az xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, “Vahid Rusiya” partiyası 450 parlament yerindən 349-nu qazanıb.
O bildirib ki, “Vahid Rusiya” federal seçki dairəsində 140, təkmandatlı seçki dairələrində isə 209 yer əldə edib.
Rusiya Federasiyası Kommunist Partiyası Dövlət Dumasında 32-si federal dairədə, beşi isə təkmandatlı seçki dairələrində olmaqla 37 yer qazanıb. Rusiya Liberal Demokrat Partiyası (LDPR) 21-i federal dairədə, ikisi isə təkmandatlı seçki dairələrində olmaqla 23 yerə sahibdir.
“Yeni insanlar” partiyası 19 yer qazanıb ki, bunların hamısı federal dairədədir.
“Ədalətli Rusiya” partiyası Dövlət Dumasında 17 deputatla təmsil olunacaq. Onlardan 13-ü federal dairədə, dördü isə təkmandatlı seçki dairələrində seçilib. “Rodina” partiyası isə bir yer və dörd müstəqil namizədlə parlamentdə yer alacaq.
Dövlət Duması seçkilərində və müxtəlif səviyyələrdə keçirilən səsvermədə seçici fəallığı 59,8 faiz təşkil edib. Belə ki, seçki məntəqələrində 60.448.094 seçici səs verib. Mərkəzi Seçki Komissiyası rəhbərinin sözlərinə görə, bu, son üç parlament kampaniyası üçün rekord göstəricidir.
Rusiyada seçkilər 18-20 sentyabr tarixlərində keçirilib. Dövlət Duması seçkilərinə əlavə olaraq, 11 bölgədə Rusiya Federasiyası subyektlərinin yüksəkvəzifəli şəxsləri təyin edilib. Bu bölgələrdən səkkizində birbaşa seçkilər keçirilib, daha üçündə isə regional liderlər qanunverici orqanlar tərəfindən seçilib. Həmçinin Rusiya Federasiyasının 39 regionunda qanunverici orqanlara və RF-nin on subyektində inzibati mərkəzlərin təmsilçilik orqanlarına seçkilər keçirilib.