Rusiyanın “Rosatom” korporasiyası Ermənistanda beynəlxalq konsorsium formatında yeni atom elektrik stansiyası (AES) tikməyi təklif edib və bu, ehtimal ki, digər ölkələrin şirkətlərinin də iştirakı ilə olacaq.
Herbiand.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçev bu açıqlamanı İrəvan hava limanında Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlardan sonra verib.
Onun sözlərinə görə, Rusiya tərəfi artıq Ermənistana 1000 MVt gücündə “VVER-1000” elektrik stansiyasının tikintisi üçün rəsmi təklif təqdim edib. İrəvan istəsə, Rusiya layihəni Fransa, Koreya Respublikası və Çin istehsalçılarının iştirakı da daxil olmaqla inteqrasiya olunmuş beynəlxalq konsorsium formatında həyata keçirməyə hazırdır.
“Rosatom”un rəhbəri qeyd edib ki, qarşıdakı aylarda Ermənistan hökuməti tərəfdaşları və gələcək stansiya üçün texniki şərtləri müəyyən etməlidir. O, enerji istehlakının illik artımını nəzərə alaraq, 2036-cı ilə qədər ölkənin bu miqyasda yeni generasiya güclərinə ehtiyacı olacağını təxmin edir.
Həmin vaxta qədər sovet dövründə tikilmiş mövcud “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətinin başa çatması gözlənilir. “Rosatom” hazırda onu modernləşdirir.
Əvvəllər Ermənistan tərəfi yeni atom elektrik stansiyasının tikintisi üçün müxtəlif variantları nəzərdən keçirirdi. Paşinyan layihə ilə bağlı Rusiya, ABŞ, Fransa, Koreya Respublikası və Çinlə müzakirələr apardığını bildirib. Kiçik modul reaktorlardan istifadə imkanı Amerika tərəfi ilə də müzakirə olunub, lakin konkret razılaşmalar əldə edilməyib.