Kitab sərgiləri cəmiyyətin mütaliə mədəniyyətinin inkişafında, milli ədəbiyyatın təbliğində və oxucularla müəlliflər arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Belə tədbirlər insanlara müxtəlif nəşrlərlə tanış olmaq, yeni müəlliflər kəşf etmək və ədəbiyyat dünyasındakı yenilikləri izləmək imkanı yaradır.
Bununla belə, kitab sərgilərinin əhəmiyyəti yalnız kitab satışının həcmi və kommersiya gəlirləri ilə ölçülməməlidir. Yerli müəlliflərə dəstək, milli ədəbiyyatın tanıdılması və gənc nəslin mütaliəyə cəlb edilməsi bu tədbirlərin əsas məqsədləri sırasında olmalıdır.
Yazıçı-publisist Pərvanə Bayramqızı Herbiand.az-a açıqlamasında kitab sərgilərinin mədəni və maarifləndirici əhəmiyyətindən danışıb, onların təşkilində mənəvi qazancın və mütaliə ənənələrinin inkişafının ön planda tutulmasının vacibliyini vurğulayıb.

“Kitab sərgilərinin keçirilməsi mədəni təşəbbüsdür, son dərəcə vacib işdir və kitabın əyani təbliğatı üçün olduqca faydalı seçimdir. Sərginin təşkil olunmasında məqsəd sözsüz ki, mədəniyyətin, ədəbiyyatın, kitabın inkişafına çalışmaqdır. Məncə, burada təkcə satış marağı güdülməməlidir. Gəlir tərəfi yalnız birinci sadaladıqlarımdan sonra düşünülməlidir. İnsanların qazancı təkcə madiyyatla ölçülməməlidir. Mənəvi qazanc hər şeydən üstündür. Kitab sərgisi görüntü xatirinə olmamalı, formal xarakter daşımamalıdır. Buna təkcə biznez tərəfindən yanaşmaq zərərlidir, kitab sərgisi mədəniyyəti, maarifi özündə cəmləşdirib insanlarda şüuru bu səmtə yönəltmək üçün təşkil edilsə, müsbət nəticə əldə edilər.
Sərginin gözəlliyi müxtəlif nəşriyyatların birliyini görməyimizdə, minlərlə insanların bir araya gəlməsində və saysız-hesabsız kitablarla tanış olmağımızdadır. Oxucularla müəlliflər, nəşriyyatlar görüşür, ünsiyyət qurur təklif və iradlar səsləndirilir, rəylər nəzərə alınır. Keçirilən panellər, müzakirələr oxucuların yaddaşına yazılır, dünyagörüşünü formalaşdırır. Növbəti illərdə keçiriləcək sərgilər üçün təcrübə toplanır bu ilki çatışmazlıqlar gələnilki sərgidə aradan qaldırılır”.
P.Bayramqızı deyib ki, sərgilərdə yerli müəlliflərin iştirakına şərait yaradılmalı, onların kitablarını oxuculara təqdim etmələrinə dəstək göstərilməli və milli ədəbiyyatın təbliğinə xüsusi diqqət ayrılmalıdır: “Əgər yerli müəlliflərin iştirakı üçün sərgilərdə şərait yaradılsa, onlara kitablarını oxuculara təqdim etməklərində dəstək olunsa, təbii ki, oxucular onların kitablarını görsələr, yazdıqlarını oxusalar növbəti dəfə özləri axtracaqlar. Burada müəllifin istedadı, əsərinin oxucunun ürəyindən olub-olmaması da əsas şərtdir.
Hər halda yerli müəlliflərə kömək edilməlidir. Milli ədəbiyatın təbliği üçün də xarici ədəbiyyatın məqsədli reklamına ayrılan diqqət qədər diqqət ayırmaq lazımdır. Mütaliəli nəsil yetişdirməyə məktəblilərə asudə vaxt yaratmaqdan, onları kitabxanalara aparmaqdan başlanılmalıdır. Kitabların faydasını onları bezdirmədən izah etməliyik. Gözəl əsərlərin insanı yaxşı adam olmasına təsirini nümunələrlə göstərməliyik. Onları telefondan az istifadə etməyə alışdırsaq, kitab oxumaqlarına nail ola bilərik”.
Məhəmməd Əliyev