İsrail qüvvələri Livanın cənubunda bir sıra yaşayış məntəqələrini atəşə tutub.
Livan Milli Xəbər Agentliyinin (NNA) yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən bir sıra kənd və qəsəbələrdə zərbələri və dağıntı əməliyyatlarını davam etdirir.
Agentliyin məlumatına əsasən, gecə yarısı Maşa əl-Mənsuri ərazisində güclü partlayış baş verib. Bildirilir ki, İsrail qüvvələri əraziyə partlayıcı maddələrin yerləşdirildiyi qablar da atıb.
Eyni zamanda, Məcdəl Zun və əl-Mənsurinin kənarlarında, eləcə də ətraf vadilərdə intensiv pulemyot atəşlərinin səsləri eşidilib.
Beyt Yəhun, Haddata və Qunin ərazilərində də bir neçə güclü partlayışın baş verdiyi bildirilir. Partlayış səslərinin sahil ərazilərində yerləşən kəndlərdən də eşidildiyi qeyd olunur.
NNA bildirir ki, İsrailə məxsus döyüş təyyarələri və pilotsuz uçuş aparatları bölgənin hava məkanında uçuşlarını davam etdirib.
Məlumata görə, partlayışlar fonunda İsrail tanklarının Bint Cbeil bölgəsindəki Haddata istiqamətində hərəkəti də müşahidə olunub.