Advertisment

Moskvada benzin satışına məhdudiyyətlər tətbiq edilib

Moskvada avtomobil benzininin satışına yenidən məhdudiyyətlər qoyulub.

Herbiand.az-ın RBC-yə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər Rusiya paytaxtında fəaliyyət göstərən ən azı iki yanacaqdoldurma məntəqəsi şəbəkəsində tətbiq olunur.

“Qazprom Neft”in qaynar xəttindən RBC-yə bildirilib ki, artan tələbat səbəbindən bir avtomobil üçün 40 litrə qədər benzin satılır. Şirkət daha sonra dizel yanacağının satışında məhdudiyyət olmadığını, benzin üzrə limitin isə 60 litr təşkil etdiyini açıqlayıb.

“Tatneft” yanacaqdoldurma məntəqələri şəbəkəsi isə bir müştəriyə 50 litrdən çox benzin və 60 litrdən artıq dizel yanacağı satılmadığını bildirib.

“Neftemagistral” şirkəti də Moskvada premium AL-95 markalı benzinin qıtlığı barədə məlumat verib. Şirkətin qaynar xəttinin məlumatına görə, avqustun 18-i axşam saatlarında paytaxtdakı yalnız bir yanacaqdoldurma məntəqəsində bu markalı benzin mövcud olub.

Yanacaq bazarında yaranan vəziyyətin Ukraynanın Rusiya neft emalı zavodlarına PUA hücumları ilə əlaqəli olduğu bildirilir. Zavodlarda baş verən hücumlar və yanğınlar nəticəsində bəzi müəssisələr istehsalı azaltmağa, digərləri isə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olublar.