Dünya bazarında neft qiymətləri 2%-ə yaxın düşüb.
Herbiand.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2% azalaraq bir barel üçün 86,80 ABŞ dollarına, “WTI” markalı neft isə 1,8% ucuzlaşaraq 80,87 dollara düşüb. Hər iki etalon neft markası ötən gün də 3%-dən çox dəyər itirmişdi.
Ucuzlaşmanın əsas səbəbi İran və Oman arasında Hörmüz boğazında hərəkətin idarə olunması ilə bağlı danışıqların bərpa edilməsi və boğazın yenidən açıla biləcəyinə dair gözləntilərin güclənməsidir.
İran və Oman boğazdan keçid üçün “müvəqqəti birgə naviqasiya dəhlizi”nin yaradılmasını müzakirə etdiklərini və ərazinin minalardan təmizlənməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.
Qiymətlərə ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox artması da təzyiq göstərib. Amerika Neft İnstitutunun (API) məlumatına görə, avqustun 21-də başa çatan həftədə ehtiyatlar 4,2 mln. barel artıb. Bazar isə təxminən 600 min barellik artım gözləyirdi.
Bununla yanaşı, Hörmüz boğazının girişində neft tankerinin naməlum obyektlə vurularaq sıradan çıxarılması regionda risklərin hələ də davam etdiyini göstərir.