Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur.
Herbiand.az xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O diqqətə çatdırıb ki, minatəmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik-lokatorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlar, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur: “Məqsəd həm təhlükəsizliyi maksimum təmin etmək, həm də iş prosesini daha səmərəli qurmaqdır. Təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır”.
ANAMA sədri iqlim dəyişikliyinin minaların tapılmasına maneələrindən danışıb: “Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır. Eyni zamanda, münaqişələrdən sonra qalan mina və digər partlayıcı sursat təhlükəsi əhalinin təhlükəsizliyinə, infrastruktur layihələrinə, kənd təsərrüfatına, şəhərsalma prosesinə və insanların öz doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır”.
O xatırladıb ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır: “Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir. Lakin mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür”.