Xəbər verildiyi kimi, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub. Görüş zamanı Məsud Pezeşkianın Azərbaycan lideri ilə Azərbaycan dilində səmimi dialoq qurması İranda şovinist dairələri narahat edib. İranlı siyasi analitik Ehsan Movahedian "X" hesabında İranın rəsmi dilinin fars dili olduğunu xatırladıb, prezidentin rəsmi protokola əməl etməsini vacib sayıb.
Herbiand.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli bildirib ki, iranlı ekspertlərin narahatlığına əsas yoxdur: “Özləri deyir ki, İranı tarixən türk sülalələri idarə edib. Türk xanədanlarının hakimiyyəti 1000 ildən çox sürüb. Deməli, sarayda türk dilində danışılıb. İran ideoloqları Səfəviləri müasir İranın qurucuları sayır. Səfəvi xanədanının qurucusu İsmayıl şah xarici dövlətlərin hökmdarlarına türk dilində məktublar yazırdı. O, türk dilini saraya daşımışdı, bu dildə şeirlər yazırdı. Hazırda İranda 40 milyon türk var. Bu ölkə əhalisinin yarısı deməkdir. Hər il İranda fars dilinin inkişafına milyonlar ayrılır. Yaxşı olar ki, rəsmi qurumlar 40 milyon insanın danışdığı dilin inkişafına da diqqət ayırsınlar. Azərbaycanlı prezidentin Azərbaycan dövlətinin başçısı ilə görüşdə ana dilində danışmasında qəribə nə var ki?”
Ekspert deyib ki, yaxın gələcəkdə türk dili İranda daha da yayğınlaşacaq. “Ehsan Movahedian kimi insanlar buna öyrəşsələr yaxşı olar. Çünki İKT-nin, süni zəkanın inkişaf etdiyi, sosial şəbəkələrin yayğınlaşdığı çağımızda 40 milyon bir xalqın dilini unutdurmaq mümkün deyil. Gec-tez özləri ölkə Ana Yasasına əməl edəcək, türk dilinə azadlıq verəcəklər”.