Advertisment

Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək

SOCAR və Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) Azərbaycan və Türkiyədə, eləcə də üçüncü ölkələrdə yeni birgə neft-qaz layihələrinin həyata keçirilməsini müzakirə edir.

Herbiand.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SOCAR və TPAO arasında kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

“Ötən il “Şəfəq-Asiman”da başlayan əməkdaşlığımızın, inşallah, “Qarabağ”la davam etməsini istəyirik. SOCAR-la həm Türkiyədə, həm Azərbaycanda, həm də üçüncü ölkələrdə birgə həyata keçirə biləcəyimiz kəşfiyyat layihələrini müzakirə edirik və bu istiqamətdə konkret layihələr ortaya qoyacağıq”, – Alparslan Bayraktar bildirib.

O əlavə edib ki, TPAO ötən il Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə kəşfiyyatı və işlənməsi layihəsinə 30%-lik iştirak payı ilə qoşulub.

Nazir, həmçinin, mövcud neft-qaz infrastrukturunun maksimum güclə istifadəsinin prioritet olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gündəlik 1 milyon barel layihə gücünə çatdırılması imkanlarını da müzakirə edirlər.