Advertisment

“Yaşlı nəsil gənclərə örnək olmalıdır”-QHT sədrindən vacib çağırış

Yaşadığımız dövrdə ətraf mühitin qorunması bəşəriyyət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Təbii sərvətlərin sürətlə tükənməsi, iqlim dəyişiklikləri və ekoloji problemlər ətraf mühitə daha həssas yanaşmağı zəruri edir. Təbiətin qorunması yalnız dövlətlərin, rəsmi qurumların deyil, hər bir insanın üzərinə düşən məsuliyyətdir. Gələcək nəsillərə sağlam və təmiz dünya bəxş etmək üçün bu istiqamətdə hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Davamlın Turizmin inkişafına Dəstək İctimai Birliyinin sədri Nərminə Qəribova Herbiand.az-a açıqlamasında deyib ki, insanın ətraf mühitə münasibəti onun əsl kimliyini ifadə edir:

“Bir insan şəxsi mənzilini təmiz saxlasa belə küçəyə atdığı bir parça kağız belə onun xarakterindəki böyük nöksanlardan xəbər verir.

Orta məktəbdə müəllimim bizə deyərdi ki, küçəniz sizin simanızdır. Yaş aldıqca bunun nə demək olduğunu anlayıram. Hər kəs yaşayış məntəqələrinin təmiz saxlanılmasında müvafiq qurumları məsul hesab edir. Halbuki, yaşadığımız ərazinin  təmiz və səliqəli olması yalnız kommunal xidmətlərin deyil, hər bir sakinin məsuliyyətidir. Təəssüf ki, həyətlərdə və ümumi istifadə olunan ərazilərdə təmizlik işləri hər zaman lazımi səviyyədə aparılmır. Mənzil İstismar Sahələrinin (MİS) texniki və insan resurslarının imkanları da bütün əraziləri vaxtında və tam şəkildə təmizləməyə kifayət etmir.

Digər tərəfdən, sakinlərin də iməciliklərdə və ərazinin abadlaşdırılmasında fəal iştirak etməsi vacibdir. Ətraf mühitə qayğı yalnız zibilin yığışdırılması deyil, həm də təmizliyə riayət etmək, tullantıları müəyyən olunmuş yerlərə atmaq, yaşıllıqları qorumaq və yaşadığımız məhəlləyə sahib çıxmaq deməkdir.

Təmiz həyət, təmiz küçə və sağlam mühit yaratmaq üçün MİS-lərlə yanaşı, sakinlərin də təşəbbüsü və birgə fəaliyyəti vacibdir.

Gəlin problemi yalnız bir qurumdan gözləməyək. Hər birimiz yaşadığımız ərazinin təmizliyinə öz töhfəmizi verək. Çünki təmiz və sağlam ətraf mühit gələcək nəsillərə qoyacağımız ən dəyərli miraslardan biridir”.

N. Qəribova hesab edir ki, ərazidə yaşayan könüllü təbiətsevərlər bu məsələdə təşəbbüs göstərməli, ətraf mühitin mühafizəsinə töhfə vermək istəyən insanları, xüsusilə də gəncləri bu prosesə fəal şəkildə cəlb etməlidirlər. Onun fikrincə, ekoloji məsuliyyətin formalaşmasında gənclərin iştirakı olduqca vacibdir. Çünki təbiətə qayğı yalnız bu gün üçün görülən iş deyil, gələcək nəsillərə ötürülən mühüm bir dəyərdir: “Ərazimizdə yaşayan uşaqlar və gənclərlə birlikdə keçirəcəyimiz iməciliklər bu gün küçələrimizi, sabah isə vicdanımızı təmizləyəcək. Bu cür təşəbbüslər həm ətraf mühitin qorunmasına, həm də gənclərdə təbiətə qarşı məsuliyyət və həssas münasibətin formalaşmasına xidmət edir.

Çünki ətraf mühitə münasibət yalnız bir küçənin, parkın və ya yaşayış ərazisinin abadlaşdırılması ilə məhdudlaşmır. Bu, eyni zamanda insanın özünə, cəmiyyətə və gələcəyə münasibətinin göstəricisidir. Təbiəti qorumaq, əslində, düşüncələrimizi, dünyagörüşümüzü və həyat tərzimizi də abadlaşdırmaq deməkdir. Bu gün əkdiyimiz bir ağac, təmizlədiyimiz bir küçə və qoruduğumuz hər bir yaşıllıq sabah övladlarımız üçün daha sağlam və gözəl bir mühit formalaşdıracaq”.

E.Cəfərli

Herbiand.az