Güney Azərbaycanda ana dilinin qorunması və inkişaf etdirilməsi son illər daha çox diqqət çəkən mövzulardan birinə çevrilib. Güneylə bağlı kitab nəşri, elektron dərsliklərin hazırlanması, mədəni tədbirlərin keçirilməsi və müasir texnologiyalardan istifadə mühüm əhəmiyyət daşıyır. Güney Azərbaycan üzrə araşdırmaçı, fəlsəfə doktoru Faiq Ələkbərli Herbiand.az-a açıqlamasında Güney Azərbaycanda ana dilinin və milli-mədəni irsin qorunması ilə bağlı maraqlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycan türkcəsində kitabların nəşrinin artırılması, elektron tədris materiallarının hazırlanması və mədəniyyət layihələrinin genişləndirilməsi vacibdir.
“Rəqəmsal texnologiyalar və süni intellektin imkanlarından istifadə etməklə Güney Azərbaycanın dil, ədəbiyyat və mədəni irsinin təbliği istiqamətində daha sistemli layihələr həyata keçirmək mümkündür.
Güney Azərbaycanda ana dilinin qorunması və inkişafı üçün ilk növbədə orada kitabların nəşr olunması vacibdir. Ərəb qrafikalı Azərbaycan dilində kitabların nəşri artırılmalıdır. Bu, çox mühüm məsələdir. Eyni zamanda latın əlifbasında da bu cür nəşrlərin olması lazımdır. Azərbaycan Təbrizdə, Urmuda, Xoyda, Həmədanda, Zəncanda və digər Azərbaycan şəhərlərində yaşayan soydaşlara məhz bu məsələlərdə mədəni anlamda dəstək verməlidir”.
O qeyd edib ki, Güney Azərbaycanda mədəniyyət günləri keçirilməsinə nail olmaq lazımdır. “Müxtəlif layihələr çərçivəsində ana dilinin inkişafına xüsusi diqqət yetirilməlidir. Biz bu məsələyə Azərbaycan dili çərçivəsində yanaşsaq, bu halda İran tərəfi də buna qarşı ciddi maneə yarada bilməz. Mədəni proseslər çərçivəsində bu işləri həyata keçirə, kitabların nəşrinə dəstək verə, Təbrizdə, hətta Tehranda Azərbaycan Mədəniyyət Günləri təşkil edə bilərik. Bütün bunlar dilimizin qorunması və inkişafı üçün mühüm addımlar olacaq”.
Faiq Ələkbərli hesab edir ki, eyni zamanda Şəhriyar, Abbas Səhhət günləri, Mədinə Gülgün və digər böyük şəxsiyyətlərimizlə bağlı tədbirlərin, simpoziumların və konfransların keçirilməsi də çox faydalı olardı.
Onun fikrincə, təhsil imkanlarının genişləndirilməsi üçün Azərbaycan elektron dərsliklərin və tədris materiallarının hazırlanmasında müəyyən dəstək göstərə bilər. “Burada həm qeyri-rəsmi, həm də müəyyən mənada rəsmi imkanlardan istifadə etmək olar. Güney Azərbaycandan olan uşaqların ana dilində təhsil alması üçün elektron vasitələr gücləndirilməlidir. Məncə, bu təbliğatı bütün istiqamətlərdə aparmaq lazımdır. Dünya artıq texnoloji dövrdə yaşayır. Bu baxımdan müxtəlif tədris materialları hazırlayıb Güney Azərbaycandakı soydaşlarımıza çatdırmaq mümkündür. Onlar da bundan faydalana bilərlər. Elektron dərsliklərin, Azərbaycan türkcəsi və Azərbaycan ədəbiyyatı ilə bağlı müxtəlif tədris materiallarının hazırlanması həm müəllimlər, həm də bu sahədə çalışan insanlar üçün əlavə stimul yaradacaq. Onlar dilimizin qorunub saxlanılması üçün bu imkanlardan istifadə edə bilərlər”, – deyə o bildirib.
Faiq Ələkbərli onu da deyib ki, texnologiyanın, o cümlədən süni intellektin verdiyi imkanları millət üçün faydalı layihələrə çevirmək lazımdır: “Elektron dərsliklər, Azərbaycan türkcəsi və Azərbaycan ədəbiyyatı ilə bağlı materiallar hazırlamaq elə də çətin deyil. Bununla biz ən azı mədəni və tarixi anlamda birliyimizi qoruya bilərik”.
Fəlsəfə doktoru deyib ki, Güney Azərbaycanın musiqisini, ədəbiyyatını və ümumiyyətlə mədəni irsini təbliğ etmək üçün televiziya layihələri və telekanallar daha sistemli fəaliyyət göstərməlidir. “Belə telekanallar var, sadəcə bu işi daha geniş miqyasda və daha ciddi şəkildə təşkil etmək lazımdır. Dövrün öz alətləri və texnologiyaları var. Rəqəmsallaşdırma, süni intellekt və digər imkanlardan istifadə etməklə bir çox layihələri həyata keçirmək mümkündür”-deyə, o, bildirib.
Yunis İsrəfilov