Advertisment

İstanbul Universitetinin doktorantı Azərbaycanın diplomatik zəfərini Türkiyə akademiyasına daşıdı

İstanbul Universitetinin doktorantı Sübhan Xıdırzadənin müəllifi olduğu, professor Ülviyyə Sanılı Aydının redaktorluğu ilə hazırlanan “Karabağ Meselesi Bağlamında Avrupa Birliği-Azerbaycan İlişkileri” adlı monoqrafiya Türkiyənin “Duvar yayınları” nəşriyyatında işıq üzü görüb.

Herbiand.az xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində mühüm elmi tədqiqat kimi qiymətləndirilə biləcək bu əsər Azərbaycanın Zəfərini və post-münaqişə reallıqlarını Türkiyənin akademik mühitinə konseptual çərçivədə çatdırmaq baxımından xüsusi strateji əhəmiyyət daşıyır.

Monoqrafiyada 1990-cı illərdən etibarən Cənubi Qafqazda baş verən geosiyasi transformasiyalar geniş elmi təhlilə cəlb olunur. Tədqiqatın əsas elmi dəyəri Qarabağ problemini yalnız lokal münaqişə çərçivəsində deyil, həm də Avropa İttifaqının regional təhlükəsizlik və enerji diplomatiyasına təsir edən fundamental amil kimi araşdırmasındadır.

Əsərdə Avropa İttifaqının işğal dövründəki mövqeyi obyektiv şəkildə təhlil edilir, Bakı–Tbilisi–Ceyhan, TANAP və Cənub Qaz Dəhlizi kimi strateji enerji layihələrinin regional və beynəlxalq əhəmiyyəti əsaslandırılır.

Eyni zamanda, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 illik status-kvonun dəyişməsi, Zəngəzur dəhlizi və Orta Dəhlizin Avropa İttifaqı üçün artan strateji əhəmiyyəti elmi arqumentlər əsasında təhlil olunur.

Sübhan Xıdırzadənin monoqrafiyası Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə əldə etdiyi Zəfərin xarici akademik ədəbiyyatda elmi əsaslarla möhkəmləndirilməsinə töhfə verən əhəmiyyətli araşdırmadır. Əsər Türkiyə və region universitetlərində beynəlxalq münasibətlər, Cənubi Qafqaz, enerji diplomatiyası və regional təhlükəsizlik istiqamətlərində tədqiqat aparan alimlər, tədqiqatçılar və diplomatlar üçün dəyərli mənbə kimi çıxış edə bilər.

Müəllif kitabın ön sözündə elmi yolçuluğunda ona dəstək olan ailəsinə, elmi rəhbəri Prof. Dr. Ülviyyə Sanılı Aydına, tanınmış jurnalist və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkə, eləcə də tarix elmləri zrə fəlsəfə doktoru, dosent mərhum Kərəm Məmmədova təşəkkürünü ifadə edib.

Sübhan Xıdırzadə monoqrafiyanı bacısı qızı Asena Musalıya ithaf edib.

Herbiand.az