Son dövrlərdə Ukraynanın Rusiyanın müxtəlif regionlarına, o cümlədən müsəlmanların yaşadığı ərazilərə zərbələr endirməsi diqqət çəkir. Xüsusilə Tatarıstan və Dağıstan kimi regionların hədəfə alınması bu addımların yalnız hərbi deyil, həm də ictimai-siyasi nəticələri ilə bağlı suallar doğurur. Maraqlıdır, Rusiyada və Ukraynada yaşayan müsəlmanların bu hadisələrə münasibəti necə olacaq?
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Herbiand.az-a açıqlamasında bildirib ki, Ukraynanın Rusiya ərazisində müsəlmanların yaşadığı regionlara zərbələr endirməsi ilə bağlı fikrin ictimai rəydə yayılması riski mövcuddur. Amma onun fikrincə, məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır.
“Ukrayna Rusiyanın ərazisində yalnız müsəlmanların yaşadığı bölgələri hədəfə almır, digər regionlara da zərbələr endirir. Son dövrlərdə Tatarıstan və Dağıstanla bağlı da Ukraynanın hücumlarını müşahidə edirik. Bununla belə, Rusiya bu hücumları dini və ya milli kimlik müstəvisində təqdim etməkdə maraqlı görünmür. Moskva məsələni daha çox “Ukraynanın Rusiyanın dərinliyində dinc əhaliyə hücumları” kimi təqdim edir və bunu hərbi-siyasi müstəvidə izah etməyə çalışır.
Bu hücumların Ukraynadakı müsəlmanları Ukraynaya qarşı yönəldəcəyini düşünmürəm”.
Siyasi şərhçi deyib ki, Rusiyada yaşayan müsəlmanların da Ukraynaya münasibəti birmənalı deyil: “Ukraynanı dəstəkləyənlər də var, onun əleyhinə çıxanlar da. Bu baxımdan, Ukraynadakı müsəlmanların məsələni xüsusi dini problem kimi qəbul edərək Ukraynaya qarşı mövqe formalaşdıracağını düşünmürəm.
Digər tərəfdən, hesab edirəm ki, Ukraynanın Tatarıstan və digər bölgələrə endirdiyi zərbələr dini motiv daşımır. Əsas hədəf neft obyektləri, enerji və logistika sistemləri, eləcə də sənaye infrastrukturu vasitəsilə Rusiyanın iqtisadi və hərbi potensialını zəiflətməkdir.
Ona görə də hesab etmirəm ki, bu hücumlar Ukraynadakı müsəlmanlar arasında ciddi anti-Ukrayna əhval-ruhiyyəsi yaradacaq”.
Məhəmməd Əliyev
Hebriand.az