Advertisment

3 oktyabr: Dövlətin zaman üfüqünü dəyişən seçim

(1993-dən 2026-ya: bir qərinəlik dövlətçilik yolu – qurtuluşdan suverenliyə, suverenlikdən yeni dövlətçilik üfüqlərinə…)

Tarixdə elə günlər var, onlar təqvimdə bir gün, dövlətin taleyində isə bütöv bir dövr qədər əzəmətli yer tutur. 3 oktyabr 1993-cü il bax, belə tarix-günlərdəndir.
Həmin gün Azərbaycanda Prezident seçkiləri günüydü və necə deyərlər, yalnız Prezident seçilmirdi. – Daha böyük miqyasda baxdıqda, dövlət öz gələcəyini seçirdi; siyasi-hərbi xaosdan dövlət nizamına, qeyri-müəyyənlikdən strateji müəyyənliyə keçidin güvənli əsası yaranırdı.

O günkü Prezident seçkilərini yalnız 1993-cü ilin mürəkkəb ictimai-siyasi mənzərəsi içində oxuyub yorumlamaq yetərli alınmır. Böyük dövlətçilik qərarlarının həqiqi miqyası onların qəbul edildiyi gündən ötədə – zamanın sınağından keçdikdən sonra tam görünür.

Bu anlamda 3 oktyabrın ən dolğun dəyərini bəlkə də bugünkü Qalib Azərbaycan verir.

Həmin dönəmin əsas dövlətçilik yönləri – ictimai-siyasi sabitliyin bərpası, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması və ordu quruculuğuna başlanması bir sistemin ayrı-ayrı həlqələri kimi yada düşür; lakin aradan keçən 33 il bizə həmin prosesə bir qədər də dərin baxmaq imkanı verir. Yəni 1993-cü ildə Azərbaycan dövlət olmağın texnologiyasını yenidən qururdu.

Heydər Əliyev siyasi məktəbinin mühüm özəlliklərindən biri dövlət siyasətini cari olayların ardınca aparmamaq, olayların gələcək trayektoriyasını öncədən hesablamaq yetənəyidir.
Burada siyasətlə dövlətçilik arasında incə, amma prinsipial fərq yaranır.
Siyasət bəzən bu günün problemini çözür, dövlətçilik isə sabahın probleminin bu gün yaranmasının qarşısını alır.
1993-cü ilin Azərbaycanında ən böyük çatışmazlıq iqtisadi böhran, savaş və yaxud siyasi qarşıdurma ilə bitmirdi. – Əsas problem dövlətin öz qərarlarını həyata keçirmək imkanının zəifləməsi idi. – Öz qərarına özü sahib ola bilməyən dövlətin hansı təhlükələrlə üz-üzə qaldığını ayrıca izah etməyə ehtiyac varmı?.. – Başqa sözlə, Azərbaycan xəritədə müstəqil dövlət idi, lakin müstəqilliyin siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik infrastrukturu hələ qurula bilməmişdi.

Bax, buna görə Ümummilli liderin sonrakı siyasətində sabitlik, Konstitusiya, ordu, iqtisadiyyat, enerji strategiyası, beynəlxalq münasibətlər və milli ideologiya vahid dövlət memarlığının sütunları oldu.
1995-ci il Konstitusiyasının qəbul edilməsi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi çərçivəsi müəyyənləşdirildi.
“Əsrin müqaviləsi” isə enerji layihəsi olmaqdan daha böyük anlam qazandı: Azərbaycan öz təbii sərvətini geosiyasi subyektliyə çevirməyə başladı.
Belə deyək, resurs dövlətə xidmət etməyə başladı, dövlət resursa yox...

Bəli, dövlət müstəqilliyinin iki səviyyəsi vardır.
Birincisi – hüquqi müstəqillikdir: bayraq, gerb, himn, sərhəd, Konstitusiya, beynəlxalq tanınma.

İkincisi isə daha çətindir – qərar müstəqilliyi. Yəni söhbət dövlətin öz milli çıxarlarını başqa siyasi mərkəzlərin iradəsinə uyğunlaşdırmadan yürütməsindən gedir.

Heydər Əliyevin ünlü dövlətçilik tezislərindən biri müstəqilliyin qorunmasını onun əldə edilməsindən az önəmli saymamağa əsaslanırdı. “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri bax bu siyasi fəlsəfəni ifadə edir.
Çağdaş dünyada həmin prinsip daha güncəl səslənir.
Çün XXI yüzildə dövlətlər yalnız hərbi işğalla zəiflədilmir; iqtisadi asılılıq, informasiya manipulyasiyası, kiberhücum, texnoloji gerilik, ideoloji müdaxilə, enerji və logistik asılılıq da suverenliyin yeni sınaqlarıdır.

Deməli, çağdaş suverenlik artıq yalnız sərhədi qorumaq deyil – öz qərarını vermək və verdiyin qərarı qorumaq qüdrətidir.

2 oktyabrda keçirilən YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı bir məqam 3 oktyabrın ildönümü ərəfəsində xüsusi anlam qazanır.
Dövlət başçısı ötən onilliklərin dövlətçilik strategiyasını yığcam şəkildə belə ümumiləşdirdi: taktiki, hətta müəyyən strateji məqsədlər zamanla dəyişə bilər, lakin ana xətt dəyişmir – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarından maksimum istifadə…
Bax, bu yanaşma 1993-cü illə 2026-cı il arasındakı siyasi-fəlsəfi rabitəni anlamaq üçün açar sayıla bilər.
Çün dövlətçilikdə varislik keçmişi olduğu kimi təkrarlamaqla olmur.
Varislik dəyişən dünyanın içində dəyişməyən milli çıxarları qorumaqdır.
1990-cı illərdə əsas məsələ dövlətin dağılmasının qarşısını almaq idisə, sonrakı mərhələdə iqtisadi müstəqillik ön plana çıxdı; daha sonra hərbi qüdrətin yaradılması strateji vəzifəyə çevrildi; 2020-ci ildə ərazi bütövlüyünün bərpası yönündə həlledici dönüş baş verdi, 2023-cü ilin sentyabrında isə Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi.
Beləliklə, bir zamanlar siyasi proqram olan “müstəqil dövlət” anlayışı tarixi sonuca – tam suveren dövlət gerçəkliyinə çevrildi.

Burada 3 oktyabrın tariximizdə qazandığı daha bir anlamı da yada salmaq yerinə düşər. 1993-cü ildən 16 il sonra – 3 oktyabr 2009-cu ildə Naxçıvanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı Naxçıvan Sazişi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının – Türk Gənəşinin institusional təməli qoyuldu; elə buna görə də 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü olaraq qəbul gördü. Beləcə, Azərbaycanın dövlətçilik təqvimində özəl yeri olan 3 oktyabr Naxçıvandan Türk dünyasının ortaq təqviminə də yeni anlamla daxil oldu. 2021-ci il 12 noyabrda – Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı Zəfərin birinci ildönümü günlərindəki İstanbul Zirvəsində Türk Gənəşin Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə Naxçıvandan başlayan həmin institusional fəsil yeni mərhələyə yüksəldi. Burada tarixi olaylar arasında süni səbəb-sonuc bağı qurmağa ehtiyac yoxdur; amma zamanın yaratdığı anlamlı səsləşməni də görməmək olmaz: 1993-cü ilin 3 oktyabrı Azərbaycan dövlətinin öz gücünü toparlamasının, 2009-cu ilin 3 oktyabrı isə güclənən Azərbaycanın Türk dünyasında institusional birlik quruculuğuna verdiyi töhfənin tarixidir.

Savaşda qələbənin ölçüsü bəllidir;
sülhdə qələbənin ölçüsü isə daha mürəkkəbdir. – Zəfər ərazini azad edir, dövlətçilik isə azad edilmiş ərazidə həyat qurur. O şen, doğma, davamlı həyatın adı “Böyük Qayıdış”dır.
Bu baxımdan Qarabağda və Zəngəzurun gündoğarında aparılan quruculuğa yalnız tikinti statistikası kimi yanaşmaq doğru olmaz. Söhbət yolların, tunellərin, elektrik stansiyalarının, məktəblərin və yaşayış məntəqələrinin tikintisindən daha geniş prosesdən gedir.

Azərbaycan azad etdiyi coğrafiyanı yenidən milli həyat məkanına, mədəniyyətin, insanlığın, şəfqət və xarakterin təcəlli etdiyi ocağa çevirir.
Bu, dövlətçiliyin mədəni mərhələsidir. Bəli, torpaq yalnız sərhəd xətti ilə Vətən olmur.

Torpağın Vətən olması üçün orada insan yaşamalı, uşaq məktəbə getməli, musiqi səslənməli, kitabxana açılmalı, yaddaş yaşamalı, iqtisadi həyat yaranmalı, qəbiristanlıq qorunmalı, abidə bərpa edilməli, insan gələcəyini həmin torpaqla bağlamalıdır.
Burada dövlət quruculuğu ilə mədəniyyət quruculuğu birləşir.
Bax, elə buradan da sərhəddən şüura qədər – yeni təhlükəsizlik anlayışına keçirik.
YAP-ın VIII Qurultayında diqqətçəkən başqa bir xətt də təhlükəsizlik anlayışının genişlənməsidir. Prezident İlham Əliyev ideoloji təhlükəsizliyi fiziki təhlükəsizliklə yanaşı qoyaraq internet, kiberhücumlar və süni intellekt dönəmində ideoloji risklərin sərhəd tanımadığını vurğuladı; cavab vasitələrindən biri kimi təhsilin rolunu xüsusi vurğuladı.
Bu, XXI yüzilin dövlətçilik konsepti üçün ayrıca düşünüləsi məsələdir.

Dünənin qalası daşdan tikilirdi; bugünün qalası həm də bilikdən, texnologiyadan, informasiya savadından, milli özünüdərkdən tikilir.
Deməli, güclü dövlət – güclü universiteti, elmi, milli mediası, rəqəmsal infrastrukturu və dünyanı düzgün oxuya bilən vətəndaşı olan dövlətdir.
Elə buradan da yeni çağırış doğur:
Azərbaycanın növbəti strateji yatırımı insan kapitalının suverenliyinə yönəlməlidir.
Texnologiyanı idxal etmək, avadanlığı almaq mümkündür; lakin milli düşüncə, yaradıcı zəka, elmi məktəb, dövlətçilik şüuru idxal olunmur. –
Onlar yetişdirilir. – Belədirsə, azərbaycançılığın yeni məzmunu haqqında danışmağı haqq edirik.
Heydər Əliyev azərbaycançılığı dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərin vəhdəti kimi müəyyənləşdirirdi.
Bu ideyanın XXI yüzildə də inkişaf etdirilməsinə ehtiyac vardır.
Azərbaycançılıq keçmişə bağlılıq olmaqdan başqa, gələcəyi birlikdə qurmaq iradəsidir.
Onun yeni mərhələdə məzmununa ən azı elmi düşüncə, rəqəmsal mədəniyyət, ekoloji məsuliyyət, dövlət dilinin texnoloji mühitdə gücləndirilməsi, mədəni irsin rəqəmsallaşdırılması, dünya azərbaycanlılarının intellektual şəbəkələşməsi və Türk dünyası ilə daha sıx elmi-mədəni inteqrasiya da daxil olmalıdır.

Beləcə, azərbaycançılıq yaddaş ideologiyasından gələcək strategiyasına doğru genişlənir.
Bu, kökdən ayrılmaq olmadığı kimi, kökün verdiyi güclə budaqların daha da uzanmasıdır.

Azərbaycanın qarşısında indi başqa tarixi mərhələ açılır.
Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Azərbaycanla Ermənistan arasında hazırda savaşın olmadığını, sərhəddə sakitliyin hökm sürdüyünü və sülh sazişinin paraflandığını xatırlatdı. 2025-ci il 8 avqust Vaşinqton görüşündən sonra formalaşmış yeni siyasi mühit də bölgənin uzunmüddətli münasibətlər sisteminin dəyişməsi üçün ayrıca imkan yaradıb; bununla belə, sülh – yeni münasibətlər mədəniyyətinin qurulmasıdır.

Azərbaycan üçün yeni mərhələnin əsas məsələsi Zəfərin yaratdığı imkanları uzunmüddətli təhlükəsizliyə, iqtisadi inkişafa və bölgəsəl işbirliyinə çevirməkdir.
Burada güc və sülh bir-birinin alternativi kimi çıxış etmir; əksinə, dayanıqlı sülhün arxasında hüquq, iqtisadi imkan, diplomatik qabiliyyət və güvənli müdafiə potensialı dayanmalıdır.

1993-cü ilin 3 oktyabrına bugünkü yüksəklikdən baxanda bir həqiqət daha aydın görünür. – Bəli, dövlətlərin taleyini sahib olduqları sərvətlərdən daha çox, böhran anında verdikləri doğru qərarlar müəyyənləşdirir.
Azərbaycanın nefti 1993-cü ildə də vardı, mövcud coğrafi mövqeyi də, Xəzər də vardı, əlbəttə, indiki sayda olmasa da yetərli insan potensialı da vardı; amma bütün bunları dövlət gücünə çevirəcək siyasi iradə, strateji nizam və uzunmüddətli baxış lazım idi.

3 oktyabrın mahiyyəti Azərbaycanın zaman üfüqünün dəyişməsindədir.
Dövlət həmin tarixdən başlayaraq onilliklər sonranı hesablamağa çalışan strateji dövlət modelinə yönəldi.
Bəs 2040-cı, 2050-ci illərin Azərbaycanı necə olmalıdır?
Əgər 1993-cü ilin tarixi çağırışı dövlətin qorunması,
2020-ci ilin çağırışı ərazi bütövlüyünün bərpası,
2023-cü ilin tarixi sonucu tam suverenliyin bərqərar olması idisə –
yeni mərhələnin çağırışı suverenliyi yüksək inkişaf keyfiyyətinə çevirməkdir.
– Yəni güclü dövlətdən daha güclü topluma; enerji kapitalından insan kapitalına; coğrafi üstünlükdən logistik və intellektual üstünlüyə; Zəfər yaddaşından quruculuq mədəniyyətinə; milli özünüdərkdən qlobal rəqabət qabiliyyətinə keçmək…

Dövləti xilas etmək böyük tarixi missiyadır; dövləti gücləndirmək böyük siyasi missiyadır; güclü dövləti gələcəyin dövlətinə çevirmək isə yeni nəslin missiyasıdır. – Bəlkə də 3 oktyabrın 33 il sonra bizə söylədiyi ən güncəl fikirlər elə bunlardır.

1993-cü ilin 3 oktyabrında Azərbaycan öz siyasi taleyində yeni səhifə açdı.
Budur, 2026-cı ilin 3 oktyabrında isə həmin səhifəyə artıq başqa yüksəklikdən baxırıq: bir vaxtlar varlığını qorumağa çalışan Azərbaycanla, bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan arasında uzun, ağır, mürəkkəb bir dövlətçilik yolu dayanır.
Doğru qurulan dövlət yalnız öz zamanını yaşamır – özündən sonrakı zamanları da qurur. – Tarixin bəlkə ən ədalətli hökmü elə budur…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI