Advertisment

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veleyin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların səfərinin növbəti ünvanı Zəngilan olub.

Herbiand.az xəbər verir ki, Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar.

Məlumat üçün bildirilib ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr arasında dəyişir. Bu göstəricilər yolun həm yükdaşıma potensialını, həm də sürətli nəqliyyat axınına uyğunluğunu təmin edir.

Layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib. Yol boyunca 24 körpü layihələndirilib, onlardan 23-ü tam hazırdır, biri üzərində isə işlər davam edir.

Həmçinin dəmir yolu xəttində görülən işlərlə də tanışlıq olub. Səyyahlara məlumat verilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin isə tikintisinə 2021-ci ildə başlanıldığı qeyd edilib. Bildirilib ki, Layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub və tikinti-quraşdırma işləri 3 mərhələdə aparılır.

Birinci mərhələ üzrə işlərin böyük hissəsi artıq tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələ Xudafərin hidroqovşağının maksimal su səviyyəsindən aşağıda yerləşdiyi üçün burada əlavə körpülər və qoruyucu tədbirlər görülüb. Məhz bu mərhələdə Azərbaycanın ən uzun dəmir yolu körpüsü – uzunluğu 771 metr, 23 aşırımlı körpü inşa olunub. Üçüncü mərhələ isə Mincivan–Bartaz–Ağbənd istiqamətini əhatə edir.

Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.