Daha güclü səhiyyə sisteminin qurulması, tibbi xidmətlərin əlçatanlığının artırılması və daha sağlam ətraf mühitin təmin edilməsi TƏBİB üçün prioritet olaraq qalır.
Herbiand.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova Səhiyyə Nazirliyinin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, həmin prioritetlər ağciyərlərin sağlamlığının qorunmasına və respirator xəstəliklərin ölkə səviyyəsində idarə olunmasına da töhfə verir.
“Bu istiqamətdə hərtərəfli əməkdaşlığın qurulması, sübutlara əsaslanan yanaşmaların tətbiqi, əhalinin sağlamlığının qorunmasına yönələn tədbirlərin və xidmətlərin genişləndirilməsi, onların əlçatanlığının, xüsusilə kənd və rayonlarda, bölgələrdə artırılması vacibdir. "Böyük Qayıdış” Proqramı çərçivəsində azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili və əlçatanlığının təmin edilməsi əsas prioritetlərdən biridir. Azad edilmiş ərazilərdə xidmətləri sıfırdan qurmaq kimi unikal fürsətimiz var. Bu, tibbi xidmətləri ən düzgün model və müasir yanaşmalar əsasında təşkil etməyə imkan verir. Həmin istiqamətdə bütün zəruri işləri görür, Səhiyyə Nazirliyi və digər qurumlarla əməkdaşlıq edirik. Düşünürəm ki, bu fəaliyyət ağciyər sağlamlığının qorunmasına da öz töhfəsini verəcək”, – deyə TƏBİB rəsmisi vurğulayıb. / AZƏRTAC /