Advertisment

Qarabağ dirçəlir: Milli Park nadir bitki növlərinin qorunmasına töhfə verəcək

Qarabağda təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində tədbirlər davam edir. Prezidentin müvafiq sərəncamı ilə Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə edən, ümumi sahəsi 88 418 hektar olan Qarabağ Milli Parkı yaradılacaq. Yeni milli parkın təsis edilməsi bölgənin zəngin təbii sərvətlərinin qorunması, nadir flora və fauna növlərinin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Ekorise” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında bildirib ki, bu qərar işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpasına, meşə fondunun mühafizəsinə və ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. “Yeni Milli Parkın salınması Qarabağın unikal ekosisteminin bərpası ilə yanaşı, ərazinin təbii sərvətlərinin qorunub saxlanılmasına və regionda ətraf mühitin dayanıqlı idarəolunmasına imkanlar açacaq”-deyə, o, bildirib.

Onun sözlərinə görə, Ermənistanın işğalı dövründə bölgənin meşələrinə, çaylarına, torpaqlarına və canlı aləminə ciddi ziyan vurulub: “İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətlərinə ciddi ziyan vurulub, nadir bitki növlərinin bir qismi məhv edilib. Bölgənin yeraltı sərvətləri talan edilib, faydalı qazıntı yataqları ekoloji tələblərə əməl olunmadan istismar edilib.

Xüsusilə metal filizlərinin qeyri-standart üsullarla hasilatı torpaq örtüyünün pozulmasına və ətraf mühitin çirklənməsi riskinin artmasına səbəb olub. Bu cür müdaxilələr təbii landşaftların deqradasiyasına, ekosistemlərin zədələnməsinə və biomüxtəlifliyin azalmasına şərait yaradıb. Buna görə də işğaldan azad edilmiş ərazilərdə ekoloji zərərin qiymətləndirilməsi, təbii sərvətlərin bərpası və gələcəkdə onların davamlı idarə olunması mühüm əhəmiyyət daşıyır”.

Murad Musayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda təbii ərazilərin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və mövcud bitki örtüyünün zənginləşdirilməsi ekoloji bərpa prosesinin əsas istiqamətlərindən olmalıdır. Onun sözlərinə görə, bölgənin təbii iqlim və torpaq şəraitinə uyğun ağac və kol növlərinin əkilməsi, yaşıllıqlara mütəmadi aqrotexniki qulluq göstərilməsi uzunmüddətli ekoloji dayanıqlılığın təmin edilməsində mühüm rol oynayır.

Bioloq nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitki növlərinin müəyyənləşdirilməsini, onların təbii yayılma areallarının qorunmasını və artırılması üçün elmi əsaslı tədbirlərin həyata keçirilməsini vacib hesab edir. O qeyd edib ki, bu istiqamətdə dendroloji tədqiqatların genişləndirilməsi və yerli flora nümunələrinin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Bioloq alimin fikrincə, Qarabağ və Şərqi Zəngəzurda dendrologiya parkının yaradılması nadir ağac və kol növlərinin qorunması, bitki kolleksiyalarının formalaşdırılması və elmi tədqiqatların aparılması üçün əlverişli imkanlar yarada bilər. Belə bir park, eyni zamanda, ekoloji maarifləndirməyə, biomüxtəlifliyin mühafizəsinə və bölgənin təbii irsinin gələcək nəsillərə çatdırılmasına töhfə verər.

Aydın

Herbiand.az