Babək Rayon İcra Hakimiyyəti və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov çıxış edərək Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından, onların göstərdikləri şücaətin xalqımızın yaddaşında daim yaşayacağından danışıb. Şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin, ailələrinə diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxışında şəhidlərin fədakarlığından bəhs edib, onların həyat yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnək olduğunu qeyd edib.
Şəhid anası Fatma Şükürlü şəhidlərin adlarının və Vətən uğrunda göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğının önəmini vurğulayıb.
Vətən müharibəsi qazisi Elşad Əlirzayev 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, şəhidlərin qanı bahasına qazanılmış Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağını bildirib.
Tədbirdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, bədii kompozisiya təqdim olunub.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi