Vətən uğrunda şəhid olmuş gizir Ələkbərov Bağır Əsəd oğlunun anadan olmasının ildönümü münasibətilə Əliabad qəsəbəsində anım tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edənlər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, şəhid gizir Bağır Ələkbərovun döyüş yolundan və göstərdiyi igidlik nümunələrindən bəhs ediblər.
Vurğulanıb ki, şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq və gənc nəsil üçün örnək olacaqdır.
Tədbirin bədii hissəsində 16 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin atası Əsəd Ələkbərov ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və aidiyyəti qurumlara minnətdarlığını bildirib.
Tədbir şəhidin məzarının ziyarət edilməsi, üzərinə gül dəstələrinin düzülməsi və ruhuna duaların oxunması ilə davam etdirilib. Daha sonra Əliabad qəsəbəsində şəhidin adını daşıyan mərasim evində ehsan süfrəsi açılıb.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi