Advertisment

Emin Həsənli: “Azərbaycan beynəlxalq aləmdə söz sahibidir”

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq siyasi nüfuzu və regional əməkdaşlıq platformalarında artan rolu baxımından diqqət çəkir.

Müxtəlif geosiyasi maraqlara malik ölkələri bir araya gətirən bu platforma regional təhlükəsizlik, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Herbiand.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli AQEM-in VII Zirvə Toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışarkən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını və ölkəmizin müxtəlif dövlətlər arasında dialoqun inkişafında mühüm rol oynadığını bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan bu gün sürətlə inkişaf edir və beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirir.

Ölkəmizin ən çətin zamanlarda digər dövlətlərin yanında olması, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfə verir.

Emin Həsənli qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, dinlər və mədəniyyətlərarası dialoq məsələlərində söz sahibidir. Ölkəmiz bir çox beynəlxalq platformalarda fəal iştirak edir, müxtəlif istiqamətlərdə təşəbbüslərlə çıxış edir. Azərbaycanın dünyanın böyük təşkilatlarına sədrlik təcrübəsi var və bu istiqamətdə xeyli məsafə qət edib.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə müxtəlif ölkələr tərəfindən qəbul edilən nüfuzu formalaşıb. Bu gün ölkəmizin ərazisində bir-biri ilə kəskin maraq ziddiyyətləri olan dövlətlərin nümayəndələrinin görüşməsi və eyni masa arxasında əyləşməsi Azərbaycanın beynəlxalq mövqeyinin göstəricisidir.

Onun fikrincə, dünyada siyasi gərginliklərin, dövlətlərarası ziddiyyətlərin və hərbi qarşıdurma risklərinin artdığı bir vaxtda dialoq və danışıqların əhəmiyyəti daha da yüksəlir. Xüsusilə İran, ABŞ və Rusiya kimi dövlətlər arasında münasibətlərin mürəkkəb olduğu şəraitdə beynəlxalq platformaların fəaliyyəti, dövlətlər arasında təmasların və qarşılıqlı anlaşmanın təşviqi mühüm əhəmiyyət daşıyır.

Emin Həsənli hesab edir ki, Azərbaycanın AQEM kimi beynəlxalq platformaya ev sahibliyi etməsi ölkənin çoxtərəfli diplomatiyada rolunu daha da gücləndirir. Müxtəlif siyasi və geosiyasi maraqlara malik dövlətlərin Bakıda bir araya gəlməsi ölkəmizin dialoq və əməkdaşlıq üçün əlverişli məkan kimi əhəmiyyətini artırır.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun yüksəlməsi ölkənin həm regionda, həm də dünyada mövqeyini möhkəmləndirir. Onun sözlərinə görə, Azərbaycanın artan rolunu qonşu dövlətlər də daxil olmaqla, müxtəlif ölkələr qəbul edir.

Bəzi dövlətlər bu reallığı qəbul etməkdə çətinlik çəksələr də, Azərbaycanın beynəlxalq mövqeyi və regional proseslərdə iştirakı getdikcə daha çox diqqət çəkir.

Versus.az