Advertisment

Kərkükdən Borçalıya: “Mədəni bağlarımızı gücləndirməliyik"

İraqda, Suriyada və Gürcüstanın bir sıra bölgələrində yaşayan soydaşlarımızla Azərbaycan arasında tarixi, etnik və mədəni bağlar mövcuddur. Son illər bu əlaqələrin inkişafı, ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində müəyyən addımlar atılır. Bununla belə, soydaşlarımızla mədəni əlaqələrin daha da gücləndirilməsi üçün yeni təşəbbüslərə ehtiyac var. Ekspertlər hesab edir ki, tarixi Azərbaycan torpaqlarında yaşayan, bizimlə eyni dildə danışan topluluqlarla mənəvi bağları gücləndirmək üçün Kərkükdə, Bayırbucaqda, Borçalıda yaşayan, yazıb yaradan şair və yhazıçılkarın, sənət adamlarının Bakıya səfərini təşkil etmək, onları tanıtmaq lazımdır.

Bundan başqa Bakıda, Gəncədə kitab sərgilərinin, ədəbi görüşlərin, kitab bayramlarının və poeziya günlərinin təşkili vacib hesab edilir.

Tanınmış yazar Tural Turan Herbiand.az-a açıqlamasında bildirib ki, ilk növbədə, Kərkükdə, Borçalıda və Azərbaycanın ana torpaqlarından uzaqda yaşayan digər soydaşlarımızın ana dilində təhsil almaq problemi həllini tapmalıdır.

“Bu istiqamətdə dövlətimizin aidiyyəti qurumları sistemli və ardıcıl tədbirlər həyata keçirməli, soydaşlarımızın ana dilində təhsil imkanlarının genişləndirilməsi üçün konkret addımlar atmalıdır. Ana vətəndən uzaqda, tarixi torpaqlarımızda yaşayan soydaşlarımız üçün dərsliklər göndərilməlidir. Bunun üçün İraq və Suriya ilə bu istiqamətdə ikitərəfli görüşlər keçirilməlidir. Ana dilində, vahid ədəbi dildə danışıq önəmlidir. İndi onlar öz şivə və ləhcələri, ərəb boğazları ilə ana dilimizdə danışırlar. Bu istiqamətdə yeri gələrsə, qardaş Türkiyənin imkanlarından da istifadə etmək mümkündür. Hökumətlərarası komissiyalar yaradılmalı, fəaliyyət mexanizmi formalaşdırılmalıdır. Kərkükdə, İraq və Suriyanın ayrı-ayrı bölgələrində yaşayıb yaradan sənət adamlarının, bizim incəsənət və mədəniyyət ustalarımızın iştirakı ilə qarşılıqlı tədbirlər təşkil olunmalıdır. Onların buraya, bizimkilərin oraya gediş-gəlişi asanlaşmalıdır. Hətta uyğun bir yol tapıb soydaşlarımız üçün ikili vətəndaşlıq məsələsi gündəmə gətirilməlidir. Hətta ilkin mərhələdə onların viza problemi aradan qaldırıla bilər”.

Tural Turan hesab edir ki, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı da bu işə öz töhfəsini verilməlidir: “Ana vətəndən uzaqda, öz tarixi torpaqlarımızda yaşayan rəssamlar, şairlər, yazıçılar, bəstəkarlar Azərbaycana tez-tez gələrək burada çıxışlar etməli, onların yaradıcılıq gecələri təşkil olunmalıdır. Azərbaycanda Dünya Gənc Türk Yazarlar Birliyi var. Əvvəllər bu istiqamətdə müəyyən işlər görüb. Dəvətlər də olurdu. İndi proses zəifləyib. Görünür, onlar da maliyyə çatışmazlığı yaşayırlar”.

 

Məhəmməd Əliyev

Herbiand.az