Advertisment

Rusiya neft ixracını artırıb

Rusiya neft ixracını artırıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Rusiyadan xarici bazarlara gündəlik orta hesabla neft və qaz kondensatı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 4,8 milyon barrelə çatıb.

Herbiand.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Argus” analitik agentliyinin məlumatlarına istinadən xəbər yayıb.

Hesabat dövründə uzaq xarici ölkələrə neft tədarükünün ümumi həcmi 11,7 milyon ton artaraq 180 milyon tona yüksəlib.

Artımın səbəbləri arasında Rusiyanın iri neft emalı zavodlarında planlı və plandankənar təmir işləri, eləcə də Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində istehsalda yaranan fasilələr göstərilir.

Bununla belə, son dövrlərdə Çin və Hindistanın Rusiya neftinə marağı zəifləməyə başlayıb. Çin Braziliya neftinə yönəlir, Hindistan isə Fars körfəzi ölkələrindən idxalını artırır.

Rusiya neftinin bahalaşması və tanker daşımalarının qiymətinin yüksəlməsi alternativ təchizatçıları daha cəlbedici edib.

Ekspertlərin proqnozlarına görə, mövcud tendensiya davam edərsə, ilin sonunadək Asiya-Sakit okean regionunda Rusiya neftinə tələbat azalmağa davam edə bilər.

Aydın

Herbiand.az