Advertisment

Kiçik mübahisədən əlbəyaxa davaya- Aqressiyanın gizli səbəbləri

Son dövrlər cəmiyyətdə artan gərginlik, sosial platformalardakı münaqişələr və küçələrdə yaşanan fiziki qarşıdurmalar ciddi narahatlıq doğurur. Mütəxəssislər iqtisadi çətinliklər və sürətli zaman tempindən qaynaqlanan bu kütləvi aqressiyanın müxtəlif səbəblərlə bağlayırlar.

Psixoloq Fərqanə Mehmanqızı Herbiand.az-a açıqlamasında bildirib ki, müasir cəmiyyətdə kütləvi aqressiyanın artmasının bir çox səbəbi olsa da, bu problemin arxasında dayanan müəyyən ana xətlər mövcuddur.

“İqtisadi böhranlar, maddi vəziyyətin pisləşməsi və işsizlik kimi amillər fonunda zamanın sürətlə keçməsi və insanların bu tempə ayaq uydura bilməməsi psixoloji gərginliyi artırır. Buna sosial platformalardakı anonimlik hissi də əlavə olunduqda, istənilən qıcıqlandırıcı faktora qarşı aqressiv reaksiya vermək qaçılmaz olur”.

Tərcübəli psixoloq hesab edir ki, bu gün cəmiyyətimizdə ən böyük problemlərdən biri empatiya bacarığının aşağı düşməsidir: “İnsanlar artıq qarşı tərəfi dinləmək və anlamaq yox, sadəcə öz sözlərini demək istəyirlər. Hətta fərdlərin hüquq müdafiəsi formatı da dəyişib; əvvəllər hüquqların dinc şəkildə qorunması tendensiyası var idisə, indi bu proses aqressiv bir tələb formasına keçib. Tələb və təzyiq isə heç bir münaqişədə ortaq məxrəcə gəlməyə imkan vermir. Nəticədə, illərlə içəridə toplanmış aqressiya bir anda fiziki gücə və əlbəyaxa davalara çevrilir. Çünki cəmiyyətdə hələ də "kim güclüdürsə, o da haqlıdır" düşüncəsi hökm sürür.

Bir psixoloq kimi apardığım müşahidələrə əsasən deyə bilərəm ki, problemin ən dərin kökü sevgini nümayiş etdirmək mədəniyyətimizin olmamasıdır. Təəssüf ki, bizə sevgini yox, nifrəti aşkar göstərmək öyrədilib. Cəmiyyətdə kiməsə nifrət etmək, aqressiya və hiddət qusmaq normal qarşılandığı halda, sevgini, nəvazişi və xoş hissləri büruzə vermək "ayıb" hesab olunur. Sevgini ayıblayıb, nifrəti adiləşdirdiyimiz üçün daxildə basdırılmış duyğular bu gün cəmiyyətdə şiddət və aqressiya şəklində özünü göstərir”.

Psixoloq Aytən Ələkbərova isə bildirib ki, ona müraciət edən şəxslər arasında adi və sadə məsələlərə görə əlbəyaxa olan və sonradan kəskin peşmanlıq hissi keçirən insanlara tez-tez rast gəlinir.

“Psixoloji araşdırmalar göstərir ki, bu növ mübahisələrin əsas səbəbi görünən ilkin bəhanələr deyil, onların arxasında dayanan gizli emosiyalardır. Gündəlik problemlər, yuxusuzluq, yığılmış stres və gərginlik vaxtında və doğru şəkildə ifadə olunmadıqda, kiçik bir hadisə böyük bir böhrana çevrilir. Belə vəziyyətlərdə insanlar qarşı tərəfi anlamaq və empatiya qurmaq əvəzinə, eqo və haqlı çıxmaq ehtiyacı ilə hərəkət edirlər. Mübahisə zamanı emosional yoluxma baş verir, münasibəti qorumaq marağı arxa plana keçir və tərəflər "mən haqlıyam" iddiası ilə hörmətsiz davranışlar nümayiş etdirməyə başlayırlar. Digər tərəfdən, prosesdə həssaslıq və yanlış anlaşılma faktoru da mühüm rol oynayır. Münaqişə tərəflərinin bir-birini dinləməməsi "Əgər məni dinləsəydin, belə olmazdı" kimi qarşılıqlı ittihamlara yol açır”.

Psixoloqun fikrincə, təzadlı məqamlardan biri də odur ki, sadə məsələlərə görə əlbəyaxa olan şəxslər bəzən gələcəkdə çox möhkəm dost ola bilirlər: “Bu kontekstdə, "düşmənin bir gün dosta çevrilməsi mümkün olsa da, dostun düşmənə çevrilməsi ən qorxulu ssenaridir" yanaşması xüsusi önəm daşıyır.

İnsanların bu duruma düşmələrinin və aqressiyaya tez cavab vermələrinin real səbəbləri emosiyaları idarə edə bilməmək və qəzəb anında özünü sakitləşdirmək əvəzinə impulsiv reaksiyalar verməkdir. Yuxusuzluq, sosial-məişət çətinlikləri və psixoloji zorakılıq kimi amillər fərdlərdə aqressiyanı tətikləyir. Effektiv emosional tənzimləmə mexanizmlərinin olmaması isə həm ər-arvad münasibətlərində, həm də gündəlik sosial əlaqələrdə bəsit səbəblərdən ciddi münaqişələrin yaranmasına zəmin hazırlayır”.

 

Məhəmməd Əliyev

Herbiand.az