Advertisment

Böyüklərlə birgə evlilik: qərarları kim verməlidir, gənclər yoxsa?

Ailə qurmaq və həyatla bağlı mühüm qərarlar vermək gənclərin qarşısında duran ən həssas məsələlərdən biridir. İxtisas seçimindən tutmuş gələcək həyat yoldaşının müəyyənləşdirilməsinə, valideynlərin xeyir-duasının alınmasından ailə qurduqdan sonra harada yaşamağa qədər bir çox qərar gənclərlə valideynlər arasında fikir ayrılığına səbəb ola bilir. Bəzən gənclər öz istəkləri ilə ailələrinin gözləntiləri arasında seçim etmək məcburiyyətində qalırlar. Bəs bu qərarlarda son söz kimə məxsus olmalıdır? Valideynlərin təcrübəsi və xeyir-duası nə dərəcədə önəmlidir? Gənc ailələrin valideynlərlə birgə yaşaması münasibətlərə müsbət təsir göstərir, yoxsa ayrı evdə yaşamaq ailə müstəqilliyi baxımından daha məqsədəuyğundur?

 

Ailə münasibətlərində valideyn məsləhəti ilə övladın şəxsi seçimi arasında tarazlığın qorunması mühüm əhəmiyyət daşıyır. İxtisas seçimi, həyat yoldaşının müəyyənləşdirilməsi və ailə qurduqdan sonra valideynlərlə birgə və ya ayrı yaşamaq məsələləri gənclərin həyatında ciddi qərarlardan hesab olunur. Azərbaycan cəmiyyətində valideynə hörmət və ailə məsləhətinə önəm verilməsi ənənəvi dəyərlər sırasında yer alsa da, müasir dövrdə gənclərin müstəqillik istəyi bu məsələlər ətrafında müzakirələri aktuallaşdırır.

Sosioloq Nailə İsmayılova Herbiand.az-a açıqlamasında bildirib ki, valideynlərin övladlarının gələcəyinə dair narahatlıqları, bir qayda olaraq, onların xoşbəxtliyini və təhlükəsizliyini təmin etmək istəyi ilə bağlıdır. Lakin yaxşı niyyətlə verilən hər qərar mütləq doğru nəticə doğurmur: “Valideynin əsas vəzifəsi övladının əvəzinə qərar vermək deyil, ona düzgün seçim etməyi öyrətməkdir. Gənclərin maraqlarının, bacarıqlarının və xarakter xüsusiyyətlərinin nəzərə alınması sağlam valideyn-övlad münasibətlərinin formalaşmasında mühüm rol oynayır.

Bu yanaşma xüsusilə ixtisas seçimi zamanı özünü göstərir. Valideynin nüfuzlu və gəlirli hesab etdiyi peşə övladının maraqlarına və qabiliyyətlərinə uyğun gəlməyə bilər. İstəmədiyi sahəyə yönləndirilən gənc gələcəkdə işindən narazı qala, potensialını reallaşdırmaqda çətinlik çəkə və psixoloji gərginlik yaşaya bilər. Valideynin həyat təcrübəsi ilə övladın arzuları bir-birinə qarşı qoyulmamalı, əksinə, ortaq qərara gəlmək üçün hər iki tərəfin mövqeyi nəzərə alınmalıdır”.

 

Həyat yoldaşı seçiminə gəlincə sosioloq deyib: “Sevgi ilə valideyn xeyir-duası bir-birinə zidd dəyərlər kimi təqdim edilməməlidir. Ailə qurmaq insanın həyatında ən mühüm qərarlardan biridir və bu seçim zamanı yalnız hisslər deyil, xarakter uyğunluğu, qarşılıqlı hörmət, məsuliyyət, dünyagörüşü və gələcəyə dair planlar da nəzərə alınmalıdır. Valideynlərin övladının seçdiyi insana etiraz etməsi bəzən ciddi narahatlıqlardan qaynaqlana bilər. Belə hallarda valideynlərin fikirlərini dinləmək və irəli sürdükləri səbəbləri təhlil etmək vacibdir. Bununla belə, valideynin razı olmaması münasibətin yanlış olduğunu avtomatik şəkildə göstərmir. Eyni zamanda, sevgi naminə bütün xəbərdarlıqları görməzdən gəlmək də düzgün yanaşma deyil. Əsas məsələ sevginin kor-koranə bağlılığa, valideyn məsləhətinin isə təzyiqə çevrilməməsidir. Həyat yoldaşı seçimi yetkin insanların könüllü qərarına əsaslanmalı, valideyn xeyir-duası isə qorxu və təhdid vasitəsi kimi istifadə edilməməlidir”.

Nailə İsmayılova hesab edir ki, övladın valideyninə hörmət etməsi onun öz həyatı ilə bağlı qərar vermək hüququndan imtina etməsi demək deyil. Valideyn xeyir-duası ailənin mənəvi gücünü artıra bilər, lakin məcburiyyət əsasında qurulan münasibətlərdə həqiqi xoşbəxtliyin və daxili rahatlığın təmin olunması çətinləşir.

Sosioloq yeni qurulan ailələrin valideynlərlə birgə yaşaması və ya ayrı evə köçməsi məsələsinin də ailədaxili münasibətlər baxımından əhəmiyyətli olduğunu bildirib: “Bir neçə nəslin eyni evdə yaşamasının müəyyən üstünlükləri var. Belə ailələrdə qarşılıqlı dəstək güclənə, uşaqların qayğısı bölüşdürülə, yaşlı valideynlərin ehtiyaclarına daha asan diqqət yetirilə bilər. Bununla yanaşı, birgə yaşayış zamanı gənc ailənin şəxsi həyatına müdaxilə, ev işlərinin bölüşdürülməsi, uşaqların tərbiyəsi və ailədaxili qərarlarla bağlı fikir ayrılıqları da yarana bilər”.

N. İsmayılova qeyd edib ki, yeni ailə quran insanların öz münasibətlərini formalaşdırmağa, ortaq qaydalar müəyyənləşdirməyə və müstəqil qərarlar qəbul etməyi öyrənməyə ehtiyacları var. Valideynlərin hər məsələyə müdaxiləsi ər-arvad arasında formalaşmalı olan müstəqil tərəfdaşlığa mənfi təsir göstərə bilər.

Bununla belə, sosioloq ayrı yaşamağın valideynlərdən uzaqlaşmaq və ya onlara hörmətsizlik kimi qiymətləndirilməsinin də düzgün olmadığını düşünür. Onun fikrincə, ayrı evdə yaşayan övlad da valideynlərinə qayğı göstərə, onları ziyarət edə, maddi və mənəvi dəstək verə bilər. Eyni evdə yaşamaq isə ailə üzvlərinin bir-birinin şəxsi sərhədlərinə hörmət etdiyi halda uğurlu nəticə verə bilər: “Gənc ailələrin müstəqil həyata başlamasına mane olan əsas amillərdən biri də iqtisadi çətinliklərdir. Mənzil kirayəsi, gündəlik yaşayış xərcləri, işsizlik və məhdud gəlirlər gəncləri valideynlərlə birgə yaşamağa məcbur edə bilər. Birgə yaşayış hər zaman müstəqillikdən imtina anlamına gəlmir. Bəzi hallarda bu, iqtisadi zərurətdən irəli gələn və qarşılıqlı razılaşma əsasında seçilən bir modeldir. Əsas şərt həmin vəziyyətin gənc ailənin şəxsi həyatına nəzarət vasitəsinə çevrilməməsidir”.

Nailə İsmayılova hesab edir ki, valideynlər gənc ailənin müstəqilləşməsini təhlükə kimi qəbul etməməli, övladlarının öz ayaqları üzərində dayanmasına dəstək göstərməlidirlər. Gənclər isə valideynlərinin evində yaşadıqları müddətdə evin qaydalarına, böyüklərin zəhmətinə və ehtiyaclarına hörmətlə yanaşmalıdırlar: “Sağlam ailə münasibətlərinin əsasında azad seçim, qarşılıqlı hörmət, dinləmək və anlamaq bacarığı dayanır. Nə valideynin mövqeyi tamamilə kənara qoyulmalı, nə də övladın iradəsi valideyn istəyinə qurban verilməlidir”.

Sosioloq gənclərin həyatına hazırlanmasının və psixoloji maarifləndirmənin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, gənclər ailə qurmadan əvvəl maddi məsuliyyət, şəxsi sərhədlər, valideynlərlə münasibətlər, ev işlərinin bölüşdürülməsi və gələcək planlar barədə bir-biri ilə açıq danışmalıdırlar. Bu cür müzakirələr gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edə bilər.

 

Sosioloq yekunda qeyd edib ki, ixtisas seçimində gəncin bacarıq və arzuları, həyat yoldaşı seçimində könüllülük və qarşılıqlı uyğunluq, yaşayış məsələsində isə ailənin real imkanları və üzvlərinin razılığı əsas götürülməlidir: “Valideynin ən böyük uğuru övladının bütün qərarlarını onun əvəzinə verməsi deyil, onu düzgün qərarlar qəbul edə biləcək qədər müstəqil, məsuliyyətli və xoşbəxt insan kimi yetişdirməsidir”.

Psixoloq Vəfa Əkbər Herbiand.az-a açıqlamasında bildirib ki, valideynlər övladlarının xoşbəxtliyini və təhlükəsizliyini istəsələr də, onlara məsləhət verməklə qərarlarına müdaxilə etmək arasında sərhədi qorumalıdırlar.

Onun sözlərinə görə, valideynlər övladları üçün məsləhətçi rolunda çıxış edə bilərlər, lakin onların əvəzinə qərar verməməlidirlər: “Seçim kimin həyatına birbaşa təsir edirsə, son söz də məhz o insana məxsus olmalıdır  İnsanın başqalarının istəyi ilə müəyyən ixtisasa yönəlməsi və gələcəkdə həmin peşə üzrə fəaliyyət göstərməsi zamanla emosional tükənməyə və motivasiyanın azalmasına səbəb ola bilər. Belə hallarda insan illərini istəmədiyi bir sahəyə sərf etdiyini düşünərək peşmanlıq hissi yaşaya bilər. Peşə seçimi insanın həyatında mühüm yer tutur və bu qərar şəxsin maraqları, istəkləri və potensialı nəzərə alınmaqla verilməlidir”.

Gənc ailələrin birgə və ya ayrı yaşaması məsələsinə də toxunan V.Əkbər ayrı yaşamağın sağlam münasibətlərin və müstəqil ailə modelinin formalaşması üçün əhəmiyyətli olduğunu bildirib.

Onun sözlərinə görə, evlilik yeni və müstəqil bir sistemin yaranması deməkdir. Bu sistemin öz qaydaları, gündəlik həyat ritmi, münaqişələri həll etmək üsulları və tərəflərin bir-birinə yanaşma mexanizmləri olmalıdır: “Valideynlərlə eyni evdə yaşamaq gənc ailənin bu sistemi müstəqil şəkildə formalaşdırmasını çətinləşdirə bilər. Çünki valideynlərin evində artıq müəyyən olunmuş yaşayış qaydaları mövcuddur və gənclər istər-istəməz həmin qaydalara uyğunlaşmağa məcbur qala bilərlər. Birgə yaşayış zamanı məişət məsələlərindən tutmuş münasibətlərin qurulmasına, hətta uşaqların tərbiyə üsullarına qədər müxtəlif mövzularda valideyn müdaxiləsi yarana bilər. Bu isə zamanla ailədaxili münasibətlərdə gərginliyə və emosional tükənməyə səbəb ola bilər. Gənc ailənin müstəqilliyi, şəxsi sərhədlərin qorunması və qərarların ər-arvad tərəfindən birgə verilməsi sağlam ailə münasibətlərinin qurulmasında mühüm rol oynayır”.

 

Yunis İsrəfilov

Herbiand.az