Macarıstan hökuməti 2030-cu ilədək avro zonasına qoşulmağa hazırlıq və iqtisadi artımın sürətləndirilməsi üçün 4 illik plan açıqlayıb.
Herbiand.az xəbər verir ki, Maliyyə Nazirliyi 2027-2030-cu illəri əhatə edən ortamüddətli iqtisadi və büdcə proqramını dərc edib.
Sənədə əsasən, əsas hədəf 2027-ci ildə büdcə kəsirini ÜDM-in 5 faizindən aşağı salmaqdır. Hökumət bunu dövlət sektorunda artıq və həddindən baha əməliyyat xərclərinin azaldılması hesabına həyata keçirməyi planlaşdırır. Eyni zamanda, səmərəsiz hesab edilən korporativ subsidiyalar Aİ vəsaiti hesabına maliyyələşən hədəfli proqramlarla əvəz olunacaq.
Proqnozlara görə, Macarıstanın ÜDM-i 2026-cı ildə 1,7 faiz artacaq, 2030-cu ildə isə artım 3,1 faizə çatacaq. İnflyasiyanın bu il 1,7 faizdən 2027-ci ildə 3 faizə yüksələcəyi, sonrakı 3 ildə isə hər il 2,5 faizə enəcəyi gözlənilir. Nazirliyin proqnozları bazar konsensusundan və Macarıstan Milli Bankının əvvəlki göstəricilərindən bir qədər ehtiyatlıdır.
Hökumət bildirir ki, 2010-cu illərin artım modeli özünü tükəndirib və yeni model məhsuldarlığa, investisiyalara və ixraca əsaslanmalıdır.