Qarşıdan soyuq qış mövsümü gəlir və havanın temperaturunun aşağı düşməsi küçələrdə yaşayan sahibsiz heyvanların həyatını daha da çətinləşdirir. Xüsusilə qida tapmaqda çətinlik çəkən, yağışdan, küləkdən və şaxtadan qorunmaq üçün isti yer axtaran it və pişiklərin vəziyyəti narahatlıq doğurur.
Belə bir şəraitdə sahibsiz heyvanların yemlənməsi, müvəqqəti sığınacaqlarla təmin olunması və baytarlıq yardımı alması məsələsi aktuallaşır.
Xarici ölkələrin təcrübəsi göstərir ki, bu problemin həlli üçün yerli idarəetmə orqanlarının, heyvanları müdafiə edən təşkilatların və könüllülərin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bəs Bakıda qış aylarında sahibsiz heyvanların qida və sığınacaqla təmin olunması üçün hansı tədbirlər görülür və mövcud imkanların genişləndirilməsinə ehtiyac varmı?
“Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, qış aylarında sahibsiz heyvanlar üçün sığınacaqların sayının artırılması məqsədəuyğun olardı: “Soyuq havalarda küçə heyvanları yalnız sığınacaq tapmaqda deyil, qida əldə etməkdə də ciddi çətinliklərlə üzləşirlər. Belə ki, qida qalıqları yağış və qar altında qaldıqda heyvanların onları tapması və yeməsi çətinləşir, nəticədə bir çoxu uzun müddət ac qalır”.
QHT sədri təbiətsevərlərə çağırış edib: “İnsanlar qış mövsümündə sahibsiz heyvanlara daha həssas yanaşmalı, onların yem və su ilə təmin olunmasına imkan daxilində dəstək göstərməlidirlər. Müvafiq qurumların, ictimai təşkilatların və könüllülərin birgə səyləri ilə heyvanlar üçün qorunan yemləmə məntəqələrinin və müvəqqəti sığınacaqların yaradılması bu problemin həllinə mühüm töhfə verə bilər”.
Hazırda Türkiyədə səfərdə olan İradə Həsənova deyib ki, qardaş ölkədə sahibsiz heyvanlara xüsusi qayğı göstərilir: “Diqqət etmişəm küçələrdə yaşayan pişiklərin əksəriyyəti kökdür. Hiss olunur ki, onlar yaxşı qidalanır. Bu, heyvanlara göstərilən diqqətin nəticəsidir.
Bir çox ərazidə sahibsiz heyvanlar üçün yem və su qabları yerləşdirilir. Sakinlər də bu işdə fəal iştirak edərək küçə heyvanlarının qidalanmasına dəstək olurlar.
Xüsusilə qış aylarında sahibsiz heyvanların qorunması məsələsinə daha çox diqqət yetirilir. Bələdiyyələr sahibsiz itləri toplayaraq sığınacaqlara yerləşdirirlər.
Burada heyvanlara baytarlıq müayinəsi keçirilir, onların sağlamlıq vəziyyəti yoxlanılır. Həmçinin it və pişiklərin quduzluğa qarşı peyvəndlənməsi istiqamətində tədbirlər görülür.
Heyvanlara identifikasiya məqsədilə birkalar da vurulur. Müvafiq prosedurlardan sonra sağlam heyvanlar yenidən təbii yaşayış mühitinə buraxılır. Bu cür tədbirlər sahibsiz heyvanların sağlamlığının qorunmasına və onların sayının nəzarətdə saxlanılmasına kömək edir”.
Onun fikrincə, Türkiyənin təcrübəsi Azərbaycanda da sahibsiz heyvanlara qayğı sisteminin təkmilləşdirilməsi baxımından maraqlı nümunə ola bilər.
Aydın