Advertisment

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından altı il keçir.

Herbiand.az xatırladır ki, 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı birləşmələri Bərdədə mülki əhalinin sıx yaşadığı əraziləri, yaşayış binalarını, ticarət və digər mülki obyektləri “Smerç” raketləri ilə atəşə tutub.

Hücum zamanı beynəlxalq hüquqla qadağan olunduğu bildirilən kasetli döyüş sursatlarından istifadə edilməsi nəticəsində 20 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı həlak olub, 70-ə yaxın insan yaralanıb.

Atəş nəticəsində bir sıra mülki obyektlər dağılıb, avtomobillərə və sakinlərin əmlakına ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, təcavüzkar müharibəni aparma və digər maddələri üzrə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhəri və rayonu oktyabrın 5-də, 27-də və 28-də Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində ümumilikdə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi əməliyyatları nəticəsində Azərbaycanda 12-si uşaq, 27-si qadın olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Həmçinin 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı qeydə alınıb.

Herbiand.az