Advertisment

Vəkil köməkçilərinin reyestri istifadəyə verilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəsmi internet platformasında vəkil köməkçilərinin reyestri istifadəyə verilib.

VK-dən Herbiand.az-a verilən məlumata görə, reyestrin yaradılmasında əsas məqsəd vəkil köməkçiləri barədə məlumatların elektron qaydada toplanılması və sistemləşdirilməsi, eləcə də həmin məlumatların ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir.

Vəkil köməkçiləri barədə məlumatların reyestrə daxil edilməsi elektron qaydada həyata keçirilir. Bunun üçün vəkil köməkçisi VK-nın elektron sistemində (https://barassociation.az/login?) “vəkil köməkçisi kimi giriş et” bölməsi vasitəsilə şəxsi kabinetinə daxil olaraq tələb olunan şəxsi və digər məlumatları doldurmalı, məlumatların düzgünlüyünü yoxladıqdan sonra təsdiq üçün göndərməlidir.

Növbəti mərhələdə müvafiq Vəkil Bürosunun müdiri öz şəxsi kabinetinə daxil olaraq yeni yaradılmış xana vasitəsilə vəkil köməkçisi tərəfindən təqdim edilmiş məlumatları yoxlayır. Məlumatların düzgünlüyü təsdiqləndikdən sonra onlar Kollegiyanın Aparatına yönləndirilir.

Kollegiyanın Aparatının təqdim etdiyi məlumatlar yenidən yoxlanıldıqdan və uyğun hesab edildikdən sonra yekun təsdiq həyata keçirilir.

Bununla da vəkil köməkçisi barədə məlumatlar VK-nın rəsmi internet səhifəsində yerləşdirilən “Fəaliyyət göstərən vəkil köməkçilərinin reyestri” bölməsində dərc olunur.