Rusiya Dövlət Dumasının deputatı və 58-ci ordunun keçmiş komandiri general Viktor Sobolev bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatı 2030-cu ilin sonuna qədər başa çatdırmalıdır, çünki NATO ölkələri həmin vaxta qədər Moskva ilə birbaşa qarşıdurma planlaşdırır.
Herbiand.az bildirir ki, onun sözlərinə görə, avropalıların silahlı münaqişəyə tam hazır olmasını gözləmək lazım deyil.
Sobolev deyib ki, onların hamısı Rusiya ilə döyüşmək, onu strateji məğlubiyyətə uğratmaq istəyir: “Müharibəyə ciddi hazırlıqlar gedir. Biz Ukraynadakı xüsusi hərbi əməliyyatı 2030-cu ilə qədər Silahlı Qüvvələrimizin mütləq qələbəsi ilə tam başa çatdırmalıyıq”.
General vurğulayıb ki, Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ordusunun NATO ölkələrindən gələn hər hansı bir təcavüzü dəf etmək üçün özünü yenidən qurmaq üçün vaxta ehtiyacı var.
Bəxtiyar CƏFƏRLİ