Proqram təminatındakı zəifliklərdən istifadə edərək eyni vaxtda bir neçə hədəfə hücum etdiyi bildirilən Cl0p haker qrupu dünya üzrə təxminən 50 şirkətdən böyük həcmdə məlumat oğurladığını iddia edib.
Reuters agentliyinin avqustun 14-də yaydığı məlumata görə, hədəflər arasında Niderlandın Philips, Böyük Britaniyanın Shell, ABŞ-nin Fiserv və General Electric şirkətləri də var.
Şirkətlər isə haker qrupunun iddialarına ehtiyatla yanaşıblar.
Philips şirkəti bildirib ki, korporativ serverlərindən birinə qarşı kibertəhlükə cəhdini aşkarlayıb və qarşısını alıb. Şirkətin məlumatına görə, sözügedən server daxili məlumatlarla əlaqəli olub və insident müştərilərin istifadə etdiyi sistemlərə təsir göstərməyib.
Fiserv-in nümayəndəsi də şirkətin hakerlərin iddialarından xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, aparılan hərtərəfli araşdırma nəticəsində müştəri məlumatlarının, bank hesablarının, maliyyə əməliyyatlarının və ya şəxsi məlumatların oğurlandığını təsdiqləyən hər hansı sübut aşkarlanmayıb. Şirkət həmçinin insidentin fintech şirkətinin əməliyyat sistemlərinə təsir etdiyinə dair dəlil olmadığını açıqlayıb.
Reuters Cl0p qrupunun oğurlandığını iddia etdiyi məlumatların növünü və həcmini müstəqil şəkildə təsdiqləyə bilməyib. Haker qrupu isə agentliyin şərh sorğusuna cavab verməyib.
ABŞ-nin Politico nəşri də daxil olmaqla bir sıra media orqanları Cl0p qrupunun rusdilli hakerlərdən ibarət olduğunu və Rusiya hakimiyyət strukturları ilə əlaqələrinin ola biləcəyini yazıb.
Son aylarda Rusiya ilə əlaqələndirilən haker qruplarının kiberhücumları müxtəlif ölkələrdə geniş müzakirə mövzusuna çevrilib. Mart ayında Niderland kəşfiyyat orqanları Rusiya ilə əlaqəli kibercinayətkarların Signal və WhatsApp kimi mesajlaşma tətbiqlərinə hücumlar həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, hücumlar nəticəsində Niderland rəsmilərinin, hərbçilərinin və jurnalistlərinin məxfi məlumatlarına giriş əldə etmək cəhdləri olub.
Apreldə isə Almaniya və ABŞ kəşfiyyat xidmətləri Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirilən Fancy Bear haker qrupunun dünyanın müxtəlif ölkələrində dövlət qurumlarına məxsus routerlərə qarşı kiberhücumlar həyata keçirməsi barədə xəbərdarlıq edib.
İyulun 5-də Britaniyanın The Telegraph qəzeti Rusiya ilə əlaqəli hakerlərin Böyük Britaniya hökumət rəsmilərinin və kritik infrastruktur sahəsində çalışan şəxslərin elektron poçt hesablarına hücum etdiyini yazıb. Qəzetin məlumatına görə, əldə edildiyi iddia olunan məlumatların bir hissəsi qaranlıq internetdə satışa çıxarılıb.
İyul ayında isə Avropa İttifaqı və Böyük Britaniya Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqələndirilən hakerlərə qarşı sanksiyalar tətbiq edib.