Rusiya qüvvələri Ukraynanın Sumı vilayətinin Burın icmasına iki reaktiv pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib. Hücum nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olub.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, hücum səhər saatlarında baş verib. Rusiya qüvvələri iki reaktiv PUA ilə fərdi yaşayış evini hədəfə alıb. Zərbə nəticəsində ev ciddi dağılıb və yanğın baş verib.
“Əfsuslar olsun ki, 29 yaşlı qadın və onun 9 yaşlı oğlu hadisə yerində həlak olublar”, – Qriqorov Telegram kanalında bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində daha 4 nəfər yaralanıb. Yaralananlar arasında uşağın atası və nənəsi də var. Onların ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
UNİAN-ın məlumatına görə, iyun ayında Rusiya qüvvələri Sumı vilayətinin Şostka rayonundakı Znob-Novqorod icmasında çoxuşaqlı ailənin yaşadığı evə PUA ilə zərbə endirib.
Hücum nəticəsində 13 yaşlı oğlan, onun 36 yaşlı atası və 73 yaşlı nənəsi həlak olub. Ailənin digər üzvləri də müxtəlif xəsarətlər alıb.
Ukraynada son aylarda hava hücumlarının intensivliyinin artması mülki əhali arasında itkilərin çoxalmasına səbəb olub. Ukrayna rəsmilərinin məlumatlarına görə, Rusiya qüvvələrinin raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi hücumların sayı artmaqda davam edir.