Advertisment

Tramp bəzi dronların idxalına 100 faizlik rüsum tətbiq edib

ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının (PUA) və onların bəzi komponentlərinin idxalına yeni gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sənəd imzalayıb.

Herbiand.az xəbər verir ki, Ağ Ev bu barədə açıqlama yayıb.

Sənədə əsasən, müəyyən ölçü və xüsusiyyətlərə malik PUA-ların, xüsusilə milli təhlükəsizlik baxımından əhəmiyyətli hesab edilən dronların, eləcə də onların buraxılış sistemləri və bəzi mühüm komponentlərinin idxalına məhsulun dəyərinin 100 faizi həcmində ad valorem rüsum tətbiq edilir.

Bu kateqoriyaya maksimal uçuş çəkisi 25 kiloqramdan çox olan PUA-lar, həmçinin istilik görüntüləmə sistemləri ilə təchiz edilmiş dronlar daxildir.

Bundan əlavə, milli təhlükəsizlik üçün ciddi təhlükə yaratmayan müəyyən kiçik PUA-ların idxalına 25 faizlik ad valorem rüsum müəyyənləşdirilib.

Sənəddə Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan ABŞ-a idxal olunan PUA və onların komponentləri üçün 15 faizlik, Böyük Britaniyadan gətirilən dronlar üçün isə 10 faizlik rüsum nəzərdə tutulur.

Donald Tramp yeni tarifləri milli təhlükəsizlik mülahizələri ilə əsaslandırıb. ABŞ prezidenti bildirib ki, ölkə daxilində PUA istehsalı mövcud tələbatı tam qarşılamaq üçün kifayət etmir və ABŞ xaricdən dron və onların komponentlərinin tədarükündən həddindən artıq asılı vəziyyətə düşüb.

Vaşinqtonun fikrincə, yeni rüsumlar yerli PUA istehsalının genişləndirilməsinə və strateji baxımdan mühüm hesab olunan bu sahədə ABŞ-ın xarici tədarükçülərdən asılılığının azaldılmasına xidmət etməlidir.