Advertisment

Şoran torpaqlar üçün yeni ümid: “Bu bitki heyvandarlıqda da çox faydalıdır”

Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə əsas vəzifələrdən biri də su itkilərinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə, ağıllı su idarəetməsinə keçiddir. Ekspertlər hesab edir ki, qənatəcil suvarma sistemlərinin tətbiq edilməsi su resurslarının qorunmasına xidmət edir. Su böhranına qarşı tədbirlər sırasında su qıtlığına davamlı və şoranlaşmış torpaqlarda yetişə bilən bitkilərin əkilməsi də mühüm əhəmiyyət kəsb edir. Belə bitkilərdən biri amarantdır. Quraqlığa davamlı və əlverişsiz torpaq şəraitində də bitən  amarant bitkisinin becərilməsi su ehtiyatlarına qənaət baxımından önəmlidir.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev herbiand.az-a açıqlamasında bildirib ki, onun rəhbərliyi altında amarant bitkisi ilə bağlı aparılan tədqiqat işləri davam etdirilir:

“Tədqiqatlar Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində şoranlaşmış torpaqların amarant bitkisi vasitəsi ilə bərpasının iqtisadi və ekoloji səmərəli texnologiyasının işlənib hazırlanması” layihəsi çərçivəsində aparılır. Layihəyə uyğun olaraq Saatlı rayonunun Qaranuru kəndində aramant toxumu əkmişik. Kənd təsərrüfatında çox faydalı bitki olan amarant şoranlaşmış,  deqradasiyaya uğramış torpaqların münbitləşdirilməsi, torpağın hums qatının bərpası üçün yararlı, stressə davamlı bitki sayılır. Bu bitkinin suya tələbatı, quraq iqlim şəraitində asanlıqla yetişir.   Şoran və zəif torpaqlara belə uyğunlaşa bilir. Amarantın qida dəyəri çox yüksəkdir. Onun toxumlarında zülal, lif, mineral maddələr və digər faydalı komponentlər var. Heyvandarlıqda çox əlverişlidir, yem bitkisi kimi yararlıdır”.

Bioloq alim bildirib ki, təsərrüfatda əkilən amarant toxumları artıq cücərərək inkişaf edib və bitkinin yetişdirilməsi ilə bağlı ilk nəticələr müsbət olub.

 

“Aparılan sınaq əkinləri zamanı bitkinin yerli iqlim və torpaq şəraitinə uyğunlaşdığı, yaxşı inkişaf etdiyi və məhsul verdiyini müşahidə etdik. Hesab edirik ki, su qıtlığı və əkin üçün əlverişsiz olan torpaq şəraitində amarantın alternativ bitki kimi becərilməsi faydalıdır. Əldə olunan nəticələr gələcəkdə amarantın əkin sahələrinin genişləndirilməsi və onun təsərrüfatlarda daha geniş tətbiqi üçün imkanlar yaradır”-deyə, o, bildirib.

E.Cəfərli