Almaniyada sənaye məhsullarının qiymətləri sürətlə bahalaşıb. Herbiand.az xəbər verir ki, sənaye inflyasiyası bir ay ərzində 1,5 dəfə artıb. Ölkədə istehsalçı qiymətləri indeksi (PPI) avqust ayında illik ifadədə 4,6 faiz artıb. İyul ayında bu göstərici 3 faiz təşkil edib.
Sənaye inflyasiyasının son üç il yarımın ən yüksək tempinə çataraq 1,5 dəfədən çox artdığını Almaniyanın Federal Statistika İdarəsi də təsdiqləyib.
Aylıq ifadədə sənaye inflyasiyası Almaniyada 1,1 faiz artıb. Halbuki proqnoz 0,4 faiz təşkil edirdi.
Enerji daşıyıcıları nəzərə alınmadıqda istehsalçı qiymətləri illik ifadədə 3,1 faiz artıb. Enerji qiymətləri isə illik müqayisədə 8,3 faiz bahalaşıb. İyul ayında bu göstərici 3,8 faiz idi.
Aralıq məhsulların qiyməti 6,1 faiz, kapital mallarının qiyməti isə 2,4 faiz yüksəlib.
Metalların qiyməti il ərzində təxminən 15 faiz, mis və ondan hazırlanan yarımfabrikatların qiyməti isə təxminən 35 faiz bahalaşıb. Taxta materialları da daxil olmaqla digər xammal növlərinin qiymətindəki artım da ümumi bahalaşmaya təsir edib.
E.Cəfərli