Advertisment

“Ozon qatını qoruyaq ki, gələcək nəsillər sağlam yaşasın” – Ekoloqdan mühüm çağırış

16 Sentyabr – Beynəlxalq Ozon Qatının Mühafizəsi Günüdür. Həmin gün dünyanın müxtəlif ölkələrində ekoloji maarifləndirmə tədbirləri, seminarlar, konfranslar və ictimai kampaniyalar keçirilir.

Bu tədbirlərdə ozon qatının qorunmasının əhəmiyyəti, ozon dağıdıcı maddələrin azaldılması və ekoloji təhlükəsiz texnologiyalara keçidin vacibliyi barədə məlumatlar verilir.

Həmçinin məktəblərdə və ali təhsil müəssisələrində açıq dərslər, ağacəkmə aksiyaları, sərgilər və müxtəlif ekoloji təşəbbüslər təşkil edilərək cəmiyyətin ətraf mühitin qorunmasına fəal cəlb olunması təşviq edilir.

Ekoloq İradə Həsənova herbiand.az-a açıqlamasında bildirib ki, planetimizin ekoloji təhlükəsizliyinin təmin olunması baxımından bu cür aksiyaların, kampaniyaların böyük əhəmiyyəti var.

“Bu gün ozon qatının Yer üzündə həyatın qorunmasındakı əvəzsiz roluna diqqət çəkmək və onun mühafizəsi istiqamətində görülən işləri təşviq etmək məqsədi daşıyır. Ozon qatı Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların böyük hissəsini udaraq insanları, heyvanları və bitkiləri təhlükəli radiasiyadan qoruyur. Ozon qatının zəifləməsi insanlarda dəri xərçəngi, göz xəstəlikləri və immun sisteminin zəifləməsi kimi sağlamlıq risklərini artıra bilər. Eyni zamanda, ultrabənövşəyi şüaların artması kənd təsərrüfatı bitkilərinə, meşələrə və su ekosistemlərinə də mənfi təsir göstərə bilər. Bu baxımdan ozon qatının qorunması yalnız ekoloji məsələ deyil, həm də insanların sağlamlığı və gələcək nəsillərin təhlükəsizliyi ilə bağlı qlobal vəzifədir”.

Ekoloq hesab edir ki, ozon qatına zərər vuran maddələrin istifadəsinin azaldılması və onların daha təhlükəsiz alternativlərlə əvəzlənməsi bu istiqamətdə əsas prioritetlərdən biri olmalıdır.

“Dövlət qurumları ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti gücləndirməli və atmosferə zərərli maddələrin emissiyasının azaldılması üçün effektiv mexanizmlər tətbiq etməlidir.

Sənaye müəssisələrində müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqi də atmosferin qorunmasına mühüm töhfə verə bilər. Soyuducu və kondisioner sistemlərində ozon qatına zərərli maddələrdən istifadənin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Ətraf mühitin qorunması yalnız dövlət qurumlarının deyil, biznes strukturlarının və vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət qoyur.

Hər bir vətəndaş enerji və su resurslarından səmərəli istifadə etməklə, tullantıları azaltmaqla və ətraf mühitə məsuliyyətli münasibət göstərməklə ümumi ekoloji təhlükəsizliyə töhfə verə bilər.

Məişət tullantılarının düzgün idarə olunması, onların çeşidlənməsi və mümkün qədər təkrar emala yönəldilməsi də ətraf mühitin qorunmasının vacib istiqamətlərindəndir”-deyə, o, bildirib.

İradə Həsənovanın fikrincə, yaşıllıqların artırılması, meşələrin və təbii ekosistemlərin qorunması atmosferin sağlamlığının təmin edilməsində mühüm rol oynayır:

“Ekoloji maarifləndirmənin gücləndirilməsi isə cəmiyyətin bu prosesdə fəal iştirakını təmin edən əsas vasitələrdən biridir. Xüsusilə məktəblərdə və gənclər arasında ozon qatının və ümumilikdə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. İqlim dəyişmələri, hava çirklənməsi və biomüxtəlifliyin azalması kimi problemlər göstərir ki, ekoloji təhlükəsizlik məsələlərinə kompleks yanaşmaq lazımdır. Azərbaycan da beynəlxalq ekoloji təşəbbüslərə qoşularaq atmosferin qorunması və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə öz töhfəsini verməlidir.

Planetimizin gələcəyi bu gün qəbul etdiyimiz qərarlardan və təbiətə münasibətimizdən birbaşa asılıdır.

Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü hər birimizi təbiətin qorunmasına daha məsuliyyətlə yanaşmağa və sağlam gələcək naminə konkret addımlar atmağa çağırır”.

 

E.Cəfərli

Herbiand.az