Advertisment

Kənan Quliyev doğum günündə anılıb

Culfa rayonunda Vətən müharibəsi şəhidi Kənan Vaqif oğlu Quliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Culfa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra şəhid Kənan Quliyevin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Anım mərasimində Kənan Quliyevin Vətən müharibəsində göstərdiyi şücaətdən və keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdə Kənan kimi qəhrəman oğulların böyük payı var. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq.

Qeyd olunub ki, Kənan Vaqif oğlu Quliyev 11 sentyabr 1992-ci ildə Culfa şəhərində anadan olub. 1998–2009-cu illərdə Culfa şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb, 2019-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb və 22 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.

Şəhid Kənan Quliyev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

2026-cı il iyunun 26-da isə Prezident İlham Əliyevin Sərəncamı ilə Kənan Vaqif oğlu Quliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Çıxışlarda şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun gənc nəsilə nümunə göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Kənan Quliyevin xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi