Advertisment

“Günəşdən yayılan bu şüalar xərçəng riskini artırır” – Ekspertdən xəbərdarlıq

“16 sentyabr – Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ilk növbədə dünya ictimaiyyətinin diqqətini atmosferin mühüm qoruyucu təbəqəsinin əhəmiyyətinə yönəltmək, ozondağıdıcı maddələrin istifadəsinin azaldılması istiqamətində görülən işləri qiymətləndirmək və dövlətləri üzərlərinə götürdükləri öhdəlikləri davam etdirməyə təşviq etmək məqsədi daşıyır”. Bunun herbiand.az-a açqılamasında ətraf mühit məsələləri üzrə tədqiqatçı Samir Əsədli deyib. Onun sözlərinə görə, bu tarix 1987-ci il sentyabrın 16-da Monreal Protokolunun qəbul edilməsi ilə bağlıdır. Protokolun əhəmiyyəti ondadır ki, o, ekoloji diplomatiyanın real və ölçülə bilən nəticə verdiyi ən uğurlu beynəlxalq mexanizmlərdən birinə çevrilib.

“Elmi müşahidələr bu siyasətin nəticə verdiyini göstərir. Ozon qatını dağıdan nəzarət olunan maddələrin istehsal və istehlakının 99 faizdən çoxu dünya miqyasında mərhələli şəkildə dayandırılıb. Dünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının qiymətləndirmələrinə əsasən, hazırkı siyasət davam etdirilərsə, ozon qatının 1980-ci ildəki göstəricilərinə dünyanın böyük hissəsində təxminən 2040-cı ildə, Arktikada 2045-ci ildə, Antarktida üzərində isə 2066-cı ildə qayıtması gözlənilir. 2025-ci ildə Antarktida üzərində müşahidə edilən ozon dəliyinin də son onilliklərin nisbətən kiçik göstəricilərindən biri olması müsbət siqnaldır. Bununla belə, ayrı-ayrı illərdə ozon dəliyinin ölçüsünə atmosfer temperaturu və sirkulyasiya prosesləri də təsir etdiyindən bir ilin nəticəsini problemin tam həlli kimi qiymətləndirmək elmi baxımdan düzgün olmaz. Ozon qatının tam bərpası hələ bir neçə onillik tələb edən prosesdir.

Ozon qatının əhəmiyyəti ondan ibarətdir ki, o, Günəşdən gələn bioloji baxımdan təhlükəli ultrabənövşəyi şüalanmanın, xüsusilə UV-B şüalarının mühüm hissəsini udur. Ozonun konsentrasiyasının azalması Yer səthinə çatan ultrabənövşəyi radiasiyanın artmasına səbəb ola bilər. Bunun insan sağlamlığı üçün nəticələri kifayət qədər yaxşı öyrənilib. Həddindən artıq UV şüalanması dəri xərçəngi, gözün kataraktası və digər zədələnmələrin riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyada 1,5 milyondan çox dəri xərçəngi hadisəsi qeydə alınıb. UV şüalanması bitkilərə, kənd təsərrüfatı məhsullarına və su ekosistemlərinə də təsir göstərə bilər. Xüsusilə fitoplankton kimi UV-yə həssas orqanizmlərdə baş verən dəyişikliklər su ekosistemlərinin qida zəncirinə qədər yayıla bilər”-deyə, o, bildirib.

Ekoloq hesab edir ki, ozon qatının zədələnməsi ilə iqlim dəyişikliyini eyniləşdirmək də düzgün deyil: “Bunlar fərqli ekoloji problemlərdir, lakin aralarında mühüm əlaqə mövcuddur. Tarixən ozon qatını dağıdan xlorflüorkarbonların və bir sıra digər maddələrin əhəmiyyətli istixana təsiri də olub. Sonradan onların alternativi kimi istifadə edilən hidroflüorkarbonlar – HFC-lər ozon qatını dağıtmasa da, bəzilərinin qlobal istiləşmə potensialı yüksəkdir. Buna görə Monreal Protokoluna 2016-cı ildə qəbul edilmiş Kiqali Düzəlişi HFC-lərin istifadəsinin mərhələli şəkildə azaldılmasını nəzərdə tutur. BMT-nin hesablamalarına görə, bu öhdəliklərin tam icrası əsrin sonuna qədər qlobal istiləşmənin 0,5 dərəcə Selsiyədək qarşısının alınmasına kömək edə bilər.

 

Azərbaycan Antarktida üzərində müşahidə edilən klassik “ozon dəliyi” zonasına daxil deyil və ölkəmizdəki vəziyyəti həmin regionla müqayisə etmək doğru olmaz. Lakin bu, Azərbaycanın riskdən kənarda olması demək deyil. Yer səthinə çatan UV radiasiyasının səviyyəsi təkcə stratosferdəki ozonun miqdarından deyil, coğrafi enlikdən, ilin fəslindən, Günəşin üfüqdən hündürlüyündən, buludluluqdan və ərazinin dəniz səviyyəsindən yüksəkliyindən də asılıdır. Azərbaycanın intensiv günəşlənən aran ərazilərinin və yüksək dağlıq zonalarının olması UV radiasiyasının monitorinqini xüsusilə aktual edir. Yay aylarında uzun müddət açıq havada çalışan kənd təsərrüfatı, tikinti və digər sahələrin işçiləri, eləcə də uşaqlar və açıq havada çox vaxt keçirən insanlar üçün UV-dən qorunma mədəniyyətinin formalaşdırılması vacibdir”.

 

Ətraf mühit məsələləri üzrə tədqiqatçı problemin həllində digər vacib məsələ əhalinin UV radiasiyası haqqında məlumatlandırılmasıdır:

“Azərbaycanda hava temperaturu və yağıntı proqnozu gündəlik həyatın adi məlumatına çevrildiyi kimi, xüsusilə yaz və yay aylarında UV indeksinin də hava proqnozlarında daha görünən şəkildə təqdim edilməsi faydalı olardı. Ümumdünya Səhiyyə Təşkilatı UV indeksi 3 və daha yüksək olduqda qoruyucu tədbirlər görülməsini tövsiyə edir. İnsanların günün ən intensiv günəş saatlarında uzunmüddətli şüalanmadan yayınması, uyğun geyim, baş örtüyü və günəş eynəyindən istifadə etməsi sağlamlıq risklərini azaltmağa imkan verir.

Vətəndaşın ozon qatının qorunmasına töhfəsi isə ilk baxışda düşünüldüyündən daha praktikdir. Kondisioner və soyuducuların texniki xidmətinin ixtisaslı ustalara həvalə edilməsi, avadanlıq sökülərkən soyuducu qazın birbaşa atmosferə buraxılmaması, yeni məişət texnikası seçərkən enerji səmərəliliyinə və istifadə edilən soyuducu agentə diqqət yetirilməsi fərdi səviyyədə görülə biləcək tədbirlərdir. Müəssisələr üçün isə məsələ daha genişdir: soyutma sistemlərində sızmaların vaxtında müəyyənləşdirilməsi, köhnə avadanlığın mərhələli yenilənməsi və istifadə olunmuş qazların düzgün idarə edilməsi həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir”.

 

“Ozon qatının qorunması təcrübəsi əslində dünya üçün mühüm bir dərsdir. Bir neçə onillik əvvəl ozon qatının sürətlə nazilməsi bəşəriyyətin qarşısında ciddi ekoloji təhlükə kimi dayanırdı”-deyən ekspert hesab edir ki, elmi araşdırmalar problemin səbəbini müəyyənləşdirib: “Dövlətlər beynəlxalq razılaşma əldə etdi, sənaye alternativ texnologiyalara keçməyə başladı və nəticədə təhlükəli tendensiyanın istiqamətini dəyişmək mümkün oldu. Lakin ozon qatının tam bərpası hələ qarşıdadır. Azərbaycan üçün də əsas məqsəd beynəlxalq öhdəlikləri yalnız hüquqi sənədlər səviyyəsində saxlamaq deyil, onları müasir soyutma texnologiyalarına keçid, güclü bazar və gömrük nəzarəti, peşəkar kadr hazırlığı, UV monitorinqi və ictimai maarifləndirmə ilə tamamlayan praktik siyasətə çevirmək olmalıdır. Bu baxımdan 16 sentyabr yalnız ekoloji təqvim günü deyil, elmin, beynəlxalq əməkdaşlığın və ardıcıl dövlət siyasətinin qlobal təhlükəni necə azaltmasının real nümunəsidir”.

 

Yunis İsrəfilov

Herbiand.az