Fəlsəfə doktoru Faiq Ələkbərlinin açıqlaması əsasında hazırlanmış və 14 sentyabr 2024-cü il tarixində Herbiand.az xəbər portalında yayımlanmış “Güney üçün elektron dərsliklər hazırlanmalıdır” yazısı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin narazılığına səbəb olub.
Səflirik bununla bağlı Herbiand.az xəbər portalına etiraz məktubu göndərib.
Qeyd edək ki, yazıda qeyd olunur ki, hazırda Güney Azərbaycanda ana dilinin qorunması və inkişaf etdirilməsi son illər daha çox diqqət çəkən mövzulardan birinə çevrilib.
(Yazının tam mətnini aşağıdakı linkdən oxuya bilərsiniz: https://herbiand.az/post.php?id=83100 )
Herbiand.az xəbər portalının baş redaktoru Emin Həsənli bildirib ki, media orqanı olaraq Herbiand.az xəbər portalı Azərbaycan-İran münasibətlərinin daim dinc yanaşı yaşamaq və mehriban qonşuluq prinsiplərinə əsaslanmasını dəstəkləyir:

“Herbiand.az xəbər portalı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında tarixən mövcud olmuş qonşuluq münasibətlərinin, qarşılıqlı hörmətin və dinc yanaşı yaşamaq prinsiplərinin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyir. Media orqanı olaraq Azərbaycan–İran münasibətlərində qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsinin vacibliyini hər zaman diqqətdə saxlayırıq. Bununla yanaşı, qeyd etmək istəyirik ki, Herbiand.az İran daxilində fəaliyyət göstərən hər hansı dini, milli və ya siyasi cərəyanı dəstəkləmir və heç bir formada bölücülüyə çağırış etmir. Portalın sözügedən materialında da hər hansı siyasi təşkilata, dini və ya milli cərəyana dəstək ifadə olunmayıb. Yazı fəlsəfə doktoru Faiq Ələkbərlinin mövqeyinin və təkliflərinin müsahibə formatında ictimaiyyətə təqdim edilməsindən ibarətdir. Eyni zamanda, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların ana dilində təhsil almaq, öz dilini və mədəni irsini qorumaq hüququnun müzakirəsi legitim ictimai və elmi mövzudur. Ana dilində təhsil və mədəni hüquqlar məsələsi beynəlxalq insan hüquqları və azadlıqları çərçivəsində müzakirə olunan fundamental məsələlərdəndir. Bu mövzunun media vasitəsilə ictimai müzakirəyə çıxarılması hər hansı dövlətin daxili işlərinə müdaxilə məqsədi daşımır. Səfirliyin məktubunda materialda “uydurma və təxribat xarakterli iddiaların” yer aldığı, “qanunsuz yolların təklif olunduğu” və yazının “qonşu ölkənin daxili işlərinə açıq müdaxilə xarakteri” daşıdığı qeyd edilir. Herbiand.az bu qiymətləndirmələrlə razılaşmır. Sözügedən materialda qanunsuz fəaliyyətə çağırış və ya hər hansı dövlətə qarşı düşmənçilik yaratmağa yönəlmiş çağırış yer almayıb. Materialda səsləndirilən fikirlər müsahibə götürülən şəxsin mövqeyi kimi təqdim olunub”.
Baş redaktor bildirib ki, Herbiand.az müstəqil xəbər portalıdır və redaksiya siyasətinə uyğun olaraq gündəlik mövzuları müstəqil şəkildə müəyyənləşdirir, müxtəlif sahələr üzrə ekspert və mütəxəssislərin fikirlərinə müraciət edir.
“Ekspertin hər hansı məsələ ilə bağlı fikrinin dərc olunması həmin mövqenin avtomatik olaraq redaksiya tərəfindən bölüşülməsi anlamına gəlmir. Portal öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Media haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikası Jurnalistlərinin Peşə Etikası Kodeksini əsas götürür. Eyni zamanda, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq söz və fikir azadlığı, jurnalist fəaliyyətinin müstəqilliyi və ictimai əhəmiyyətli məsələlərin işıqlandırılması prinsiplərinə riayət edir. Portal bundan sonra da regionda sülhə, qarşılıqlı anlaşmaya və xalqlar arasında əlaqələrin inkişafına xidmət edən materialların hazırlanmasına, eyni zamanda ictimai əhəmiyyətli məsələlərin qanunvericilik və peşə etikası çərçivəsində işıqlandırılmasına davam edəcək”-deyə, o, bildirib.
Yunis İsrəfilov