Advertisment

Ağac əkmək istəyənlər bunları bilməlidir: Ekspertdən vacib tövsiyələr

Qlobal iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha aydın hiss olunduğu bir dövrdə yaşıllıq sahələrinin genişləndirilməsi mühüm ekoloji və sosial vəzifələrdən  biridir. Ağac və digər bitkilər havanın keyfiyyətinin yaxşılaşdırılması, karbon qazının udulması, şəhərlərdə temperaturun tənzimlənməsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır.

Xüsusilə Bakı və Abşeron kimi quraq iqlim şəraitinə malik ərazilərdə yaşıllıqların artırılması şəhər mühitinin ekoloji dayanıqlığının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu proses yalnız ağacların sayının artırılması ilə məhdudlaşmamalıdır. İqlim şəraitinə, torpağın xüsusiyyətlərinə və su ehtiyatlarına uyğun ağac və kol növlərinin seçilməsi, onların düzgün əkilməsi və sonrakı qulluğunun təmin edilməsi əsas şərtlərdən biridir.

“Ekorise" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında deyib ki, su ehtiyatlarının məhdudlaşdığı indiki dövrdə ağac seçiminə diqqət etmək laızmdır: “Ağac seçimində yalnız dekorativ görünüş deyil, bitkinin iqlimə, quraqlığa və şoranlığa davamlılığı əsas meyar olmalıdır.
Abşeronun torpaq-iqlim şəraiti külək, yüksək temperatur, quraqlıq və bəzi ərazilərdə torpağın şoranlığı ilə xarakterizə olunur.
Bu səbəbdən suya tələbatı yüksək olan növlərin geniş miqyasda əkilməsi gələcəkdə əlavə suvarma yükü yarada bilər. Abşeron şəraitində bir sıra şam növləri, sərvkimilər, yapon saforası, ölməzkol və oleandrın quraqlığa və torpaq şoranlığına davamlı bitkilər kimi xaraketirzə edilir.

Son illərdə Abşeronda keçirililən ağacəkmə aksiyalarında xüsusilə Eldar şamı və zeytun ağacına üstünlük verilməsi diqqət çəkir. Bakı və Abşeron yarımadasında badam, əncir, nar, zeytun, ərik, tut, alça, armud, heyva, iydə və püstə kimi ağacların da əkilməsi mümkündür.

Su ehtiyatlarının qorunması baxımından isə yerli şəraitə uyğunlaşmış və nisbətən az su tələb edən növlərin seçilməsi daha səmərəli yanaşma hesab oluna bilər. Xüsusilə zeytun, iydə, püstə, nar və bəzi şam növləri Abşeronun sərt təbii şəraitinə uyğunlaşdırılmış yaşıllıq modelində nəzərdən keçirilə bilər”.
Bioloq alim hesab edir ki, eyni ağac növünün müxtəlif torpaq və mikroiqlim şəraitində su tələbatı fərqli ola bildiyindən seçim ərazi üzrə aparılmalıdır.

“Bitkilərin torpağa, işığa, istiliyə və suya tələbatının nəzərə alınmasının vacibliyi vurğulanır. Ağacəkmənin nəticə verməsi üçün yalnız düzgün növ seçmək kifayət etmir, əkin texnologiyasına və sonrakı qulluq prosesinə də ciddi əməl olunmalıdır. Əkin sahəsində torpaq əvvəlcədən hazırlanmalı, ağacın xüsusiyyətinə uyğun çala qazılmalı və əkindən sonra mütləq suvarma aparılmalıdır.

Payız mövsümündə ağacların əkilməsi üçün hava şəraiti də nəzərə alınmalıdır. Su çatışmazlığının artdığı bir dövrdə yaşıllaşdırma siyasətinin əsas prinsiplərindən biri “çox ağac əkmək” deyil, düzgün ağacı düzgün əraziyə əkmək olmalıdır.
Bununla yanaşı, damcı suvarma, mulçalama və torpaqda nəmin qorunması kimi üsullar yeni salınan yaşıllıqların suya olan tələbatının azaldılmasına kömək edə bilər”.

E.Cəfərli

Herbiand.az