Advertisment

“Şagird və tələbələr bu işlərə cəlb edilməlidir”– Bələdiyyə rəsmisindən maraqlı təklif

Şəhərlərdə ekoloji tarazlığın qorunması, məişət tullantılarının düzgün idarə olunması və yaşıllıqların mühafizəsi günümüzün əsas prioritetlərindən birinə çevrilib. Bu prosesdə yerli özünüidarəetmə orqanları-bələdiyyələr mühüm rol oynayır.

Tullantıların çeşidlənməsi və təkrar emal sistemlərinin qurulması, ağacəkmə və abadlıq tədbirlərinin keçirilməsi ilə yanaşı, əkilən yaşıllıqların qorunması da xüsusi əhəmiyyət daşıyır. Lakin praktikada bələdiyyələrin qarşılaşdığı çətinliklər ekoloji təşəbbüslərin operativ həyata keçirilməsinə maneələr yaradır.

Binəqədi bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələlər daimi komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında deyib ki, məişət tullantılarının idarə olunması, ərazilərin təmiz saxlanılması, yaşıllıqların qorunması və abadlıq işlərinin təşkili bələdiyyələrin yerli əhəmiyyətli məsələlər üzrə fəaliyyət istiqamətlərindən biridir:

“Bu sahədə əsas məqsəd yalnız tullantıların ərazidən yığışdırılması deyil, eyni zamanda müasir idarəetmə prinsiplərinə uyğun olaraq, onların çeşidlənməsi, toplanması, daşınması və mümkün qədər təkrar emala yönləndirilməsidir.

Bələdiyyələr ərazilərdə sanitar vəziyyətin yaxşılaşdırılması, tullantıların yerləşdirilməsi üçün uyğun məntəqələrin müəyyənləşdirilməsi və abadlıq tədbirlərinin həyata keçirilməsi istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq edə bilərlər. Xüsusilə əlavə edim ki, tullantıların çeşidlənməsi və təkrar emala cəlb edilməsi məsələsində əsas hədəf mərhələli şəkildə ayrıca toplama sisteminin formalaşdırılmasıdır.

Bunun üçün kağız, plastik, şüşə və digər tullantı növləri üzrə xüsusi konteynerlərin yerləşdirilməsi, çeşidlənmiş tullantıların daşınması və emal müəssisələrinə çatdırılması mexanizmlərinin qurulması vacibdir. Əlbəttə, mövcud sistemin təkmilləşdirilməsi üçün də bələdiyyələrin, kommunal xidmətlərin və özəl sektorun koordinasiyası gücləndirilməlidir”.

T.Qulami hesab edir ki, yaşıllıqların salınması, ağacəkmə və abadlıq tədbirləri də bələdiyyələrin fəaliyyət istiqamətlərindəndir. “Ağacəkmə aksiyaları yalnız kampaniya xarakteri daşımamalı, əkilən ağacların sonrakı qulluq, suvarma və mühafizəsi təmin edilməlidir. Eyni zamanda ekoloji maarifləndirmə istiqamətində məktəblər, ictimai birliklər və sakinlərlə birgə layihələrin həyata keçirilməsi vacibdir.

Düşünürəm, xüsusilə çox əhəmiyyətli məsələ həm də odur ki, şagird və tələbələr əsasən işğaldan azad edilmiş ərazilərdə bu kimi təbliğatlara cəlb edilsə, çox gözəl effekt verər. İllərlə düşmən tapdağında qalmış torpaqlarımızın yenidən canlanmasında böyük töhvələrin şahidi olarıq”-deyə, o, bildirib.

Tamilla Qulami bir məsələni də vurğulayıb ki, ekoloji məsələlərin həllinə yalnız bələdiyyələrin vəzifəsi kimi yanaşmaq doğru deyil: “Xüsusilə yaşıllıqların mühafizəsi, ağacların vəziyyətinin qiymətləndirilməsi, qurumuş və insan həyatı üçün təhlükə yaradan ağaclarla bağlı müvafiq qərarların operativ qəbul edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilməlidir.

Praktikada bələdiyyələr tərəfindən təhlükəli, tamamilə qurumuş ağaclarla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilir, lakin baxış və razılaşdırma prosesinin gecikməsi həmin ağacların sakinlərin həyatı və əmlakı üçün real təhlükəyə çevrilməsinə səbəb olur.

Ona görə də belə hallarda operativ baxış və qərar mexanizminin yaradılması, bələdiyyələrin müraciətlərinə qısa müddətdə münasibət bildirilməsi və qurumuş ağacların təhlükəsiz şəkildə götürülməsi təmin edilməlidir. Ekoloji təhlükəsizliyin və yaşıllıqların qorunmasının effektiv təşkili yalnız bütün aidiyyəti qurumların məsuliyyət bölgüsü və qarşılıqlı əməkdaşlığı ilə mümkündür”.

Məhəmməd Əliyev

Hərbiand.az