Almaniyanın metal sənayesi işçilərinin həmkarlar ittifaqı təşkilatı (IG Metall) avtomobil sənayesində çalışanları ölkə miqyasında tətil keçirməyə çağırıb.
Herbiand.az xəbər verir ki, Volfsburq, Tsviqau və Ştutqart da daxil olmaqla 200-dən çox məkanda aksiyaların keçirilməsi nəzərdə tutulur. Həmkarlar ittifaqı 100 mindən çox insanın aksiyalarda iştirak edəcəyini gözləyir.
Etirazlarda, digər məsələlərlə yanaşı, Almaniyada avtomobil sənayesinin qorunması tələb olunur. IG Metall bütün federal əyalətlərdə avtomobil istehsalçıları və təchizatçı şirkətlərin əməkdaşlarını aksiyalara qoşulmağa çağırıb. Proqramda müəssisədaxili toplantılar, fəal nahar fasilələri, yürüşlər və ictimai mitinqlər yer alır.
IG Metall rəhbəri Kristiane Benner avtomobil sənayesində çalışanlara qarşı misli görünməmiş hücum olduğunu və bunun dayandırılmasının vacibliyini bildirib. Qarşıdakı tariflərlə bağlı danışıqlar ərəfəsində həmkarlar ittifaqı istehsal müəssisələrinə investisiyaların davam etdirilməsini və 35 saatlıq iş həftəsinin qorunmasını tələb edir. İttifaq, həmçinin hökumətdən elektrik enerjisi xərclərinin azaldılmasını və bürokratiyanın yüngülləşdirilməsini gözləyir.
Almaniya avtomobil sənayesi Çinlə güclənən rəqabət, zavodların tam gücü ilə işləməməsi və elektrikli avtomobillərin istehsalına keçidin çətinliyi səbəbindən artan təzyiqlə üzləşir ki, nəticədə şirkətlər ixtisarlar aparmalı olurlar.