Somali sahillərində piratlar tərəfindən girov götürülən 10 pakistanlı gəmi heyəti üzvündən dördü xilas edilib və onların şənbə günü Kəraçiyə çatması gözlənilir.
Herbiand.az “Dawn” nəşrinə istinadla xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar “X” sosial şəbəkəsindəki paylaşımında bu nəticənin Pakistan Xarici İşlər Nazirliyi və ölkənin Cibutidəki səfirliyinin ardıcıl səyləri nəticəsində əldə olunduğunu bildirib. O əlavə edib ki, həyatını itirən üç pakistanlı heyət üzvünün cənazələri də vətənə qaytarılır. “Çox ağır günlər yaşayan və yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verirəm”, - deyə Dar bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, daha üç pakistanlı heyət üzvü gəmi kapitanı ilə birlikdə hələ də gəmidə qalır. “Onların təhlükəsiz şəkildə çıxarılmasını və mümkün qədər tez Pakistana qaytarılmasını təmin etmək üçün dost ölkələrlə fəal şəkildə əlaqə saxlayırıq”, - deyə o qeyd edib.
Aİ-nin Hərbi Dəniz Qüvvələrinin “Atalanta” əməliyyatı missiyasının məlumatına görə, Palau bayrağı altında üzən “Honour 25” neft tankeri aprelin 21-də Moqadişoya gedərkən Somali sahillərinin şimalında ələ keçirilmişdi. Gəmidə ümumilikdə 17 heyət üzvü olub.
AZƏRTAC