Advertisment

"Məktəb dini təbliğatın deyil, elmin məkanıdır" -Ekspert

“Təhsil müəssisələrində dövlətin müəyyən etdiyi qayda və tələblər əsas götürülməli, bu qaydalara bütün şagirdlər tərəfindən əməl olunmalıdır.

Məktəblər ilk növbədə təhsil və tərbiyə ocaqlarıdır. Burada əsas məqsəd şagirdlərə bilik vermək, onların dünyagörüşünü formalaşdırmaq və qanunlara hörmət ruhunda yetişdirməkdir. Təhsil müəssisələrində tədris prosesindən kənar dini və ya hər hansı digər ideoloji təbliğata yol verilməməlidir”. Bu sözləri Herbiand.az-a açıqlamasında Milli Cəbhə Partiyasının(MCP) sədr müavini və siyasi şərhçi Ehtiram Mehdiyev deyib. Onun sözlərinə görə, dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, dövlətin təhsil sahəsində müəyyən etdiyi qaydaları da ali tutmalıyıq.

“Məktəblərdə vahid geyim qaydası müəyyən edilibsə, həmin qaydaya riayət etmək hər bir şagirdin və valideynin məsuliyyətidir. Heç bir şəxsi yanaşma və ya fərdi seçim dövlətin müəyyən etdiyi qanuni tələblərin fövqündə dayanmamalıdır. Məsələyə emosional yanaşmaq, insanları dini inancına görə hədəfə almaq və ya qarşıdurma yaratmaq düzgün deyil. Eyni zamanda, dini inancların təhsil müəssisələrində müəyyən edilmiş qaydaların pozulmasına əsas kimi təqdim olunması da doğru yanaşma deyil. Düşünürəm ki, bu məsələdə çıxış yolu dövlətin müəyyən etdiyi qaydalara əməl etmək, qanunvericiliyin tələblərini rəhbər tutmaq və təhsil müəssisələrinin dünyəvi mahiyyətini qorumaqdır. Məktəb dini mübahisələrin və təbliğatın deyil, elmin, biliyin və sağlam tərbiyənin məkanı olmalıdır”.

 

Məhəmməd Əliyev

Herbiand.az