Advertisment

Azərbaycan-Kamboca münasibətlərində yeni üfüqlər

 

Elnarə Akimova, Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru

 

Dövlətlər arasında münasibətlərin gücü ortaq maraqları müəyyənləşdirmək və siyasi dialoqu real nəticələrə çevirmək bacarığı ilə ölçülür. Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərini, yeni əməkdaşlıq imkanlarını və qarşılıqlı tərəfdaşlığın əhəmiyyətini aydın şəkildə ortaya qoydu.

Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq edir, beynəlxalq məsələlərdə bir-birini dəstəkləyirlər. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də siyasi əlaqələrin genişlənməsinə xidmət edir. Bu münasibətlər Azərbaycanın Cənub-Şərqi Asiya ilə əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir.

Səfərin əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin canlandırılması və mövcud potensialın reallaşdırılmasıdır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi aşağı səviyyədə olsa da, sənaye, investisiya, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ticarət və investisiya məsələləri üzrə birgə işçi qrupunun yaradılması, eləcə də hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumunun keçirilməsi bu imkanların konkret layihələrə çevrilməsinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil.” Dövlət başçısı səfərin iqtisadi nəticələrinə inamını da ifadə edərək bildirib: “Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq.” Bu hədəfə çatmaq üçün şirkətlər arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı bazarlar barədə məlumatlılığın artırılması və investisiya imkanlarının düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Təhsil əlaqələrinin bərpası da münasibətlərə tarixi və humanitar məzmun qazandırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sovet dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Bu ənənənin müasir dövrdə yenidən canlandırılması gənclər arasında təmasları genişləndirə, elmi əlaqələri möhkəmləndirə və xalqların bir-birini daha yaxından tanımasına şərait yarada bilər.

Azərbaycanın dövlət idarəçiliyi sahəsində təcrübəsinin Kambocada maraq doğurması səfərin diqqətçəkən məqamlarındandır. “ASAN xidmət” modelinə göstərilən maraq ölkəmizin şəffaf, operativ və vətəndaş yönümlü idarəçilik təcrübəsini beynəlxalq tərəfdaşları ilə bölüşmək imkanlarını nümayiş etdirir. Bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərə yeni məzmun qazandıra bilər.

Görüşdə müzakirə olunan mina təhlükəsi isə hər iki ölkənin üzləşdiyi ciddi humanitar problemlərdən biridir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Təcrübə və bilik mübadiləsi, mütəxəssislərin hazırlanması, birgə təlimlərin keçirilməsi insanların həyatının qorunması və azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin bəyanatında sülh və təhlükəsizlik məsələsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Dövlət başçısının mövqeyinə görə, sülh beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan otuz ilə yaxın davam edən işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses müharibənin nəticələrinin aradan qaldırılması ilə yanaşı, təhlükəsiz və davamlı inkişaf mühitinin yaradılmasını da nəzərdə tutur.

Azərbaycan-Kamboca münasibətlərinin perspektivi siyasi dialoqun iqtisadi, humanitar və institusional əməkdaşlıqla tamamlanmasında üzə çıxır. Hun Manetin Azərbaycana səfəri qarşılıqlı maraqların konkret təşəbbüslərə çevrilməsi, tərəfdaşlığın dərinləşdirilməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradıb. İndi əsas məsələ əldə olunmuş razılaşmaların ardıcıl icrası və siyasi iradənin real nəticələrlə möhkəmləndirilməsidir. Çünki müasir dünyada məsafələri yaxınlaşdıran yalnız nəqliyyat və texnologiyalar deyil, həm də qarşılıqlı etimad və gələcəyə yönəlmiş əməkdaşlıq iradəsidir.